Türk dövlətləri üçün ortaq dil qurumu niyə vacibdir?
Türk Dil Qurumunun prezidenti Osman Mert türk dövlətləri arasında ortaq dil qurumunun yaradılmasını zəruri hesab edib. Osman Mert bu fikiri Bakıda Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində "Türk dillərinin inkişaf dinamikası: tarixi və filoloji baxış" adlı konfransda deyib. O bildirib ki, müasir texnologiyalar və süni intellekt türk dillərinin öyrənilməsi, ortaq irsin araşdırılması və ortaq dil anlayışının formalaşdırılması üçün geniş imkanlar yaradır.
Mövzu ilə bağlı Bakı Dövlət Univeristetinin kafedra müdiri, filologiya elmlər doktoru, professor Qulu Məhərrəmli “İnformator.az”a açıqlamasında bildirib ki, ümumi mədəniyyət, ümumi dil və ortaq iqtisadi durumla bağlı müvafiq qurumlar yaradılsa da, dil məsələsi xarakter etibarilə bunlardan çox fərqlənir:

"Son dövrlərdə türk dünyasında ortaq türk dili, ortaq ədəbi dil və ümumi ortaq əlifba haqqında müzakirələr aktiv şəkildə aparılır. Bu proseslərə tamamilə təbii baxmaq lazımdır. Çünki türk dövlətlərinin yaxınlaşması, iqtisadi və siyasi cəhətdən bir-birinə bağlanması, mədəni əlaqələrin dərinləşməsi istər-istəməz dil inteqrasiyasını da zəruri bir məsələ kimi meydana çıxardır. Lakin iqtisadiyyat, siyasət və digər sahələrdən fərqli olaraq, dil inteqrasiyası kifayət qədər çətin və mürəkkəb bir prosesdir. Bu mühüm məsələ bu yaxınlarda keçirilən "Türk dillərinin inkişaf dinamikası: tarixi və filoloji baxış" adlı konfransda da xüsusi olaraq qeyd olunub. Günümüzdə süni intellektin mövcudluğu, kommunikasiya vasitələrinin dəyişməsi, sürətlənməsi və artması kimi amillər isə bu inteqrasiyanı müəyyən qədər sürətləndirən əsas hərəkətverici qüvvələrdir. Osman Mertin irəli sürdüyü türk dövlətləri arasında ortaq dil qurumunun yaradılması ideyası olduqca aktual bir məsələ kimi qarşıda durur. Hazırda ümumi mədəniyyət, ümumi dil və ortaq iqtisadi durumla bağlı müvafiq qurumlar yaradılsa da, dil məsələsi xarakter etibarilə bunlardan çox fərqlənir. Çünki türk dillərinin tarixi inkişaf dinamikası və onların formalaşma yolları fərqlidir, eyni səviyyədə deyillər və eyni funksionallığı daşımırlar. Məsələn, türk dillərinin Oğuz qolu daha çox dövlət idarəçiliyində işlənib, Qarluq qolu daha çox şəhər mühitində və havasında formalaşıb, Qıpçaq qolu isə geniş ərazilərdə, çöllükdə inkişaf etmiş bir dil qrupudur. Dillərin inkişaf səviyyəsindəki, fonetik quruluşundakı, qrammatik və sintaktik strukturundakı bu fərqliliklər ortaq məxrəcə gəlmək baxımından ortaya xeyli problemlər çıxardır".
Həmçinin müsahib qeyd edib ki, türk dövlətləri arasında belə bir ortaq dil qurumunun yaradılması praktik baxımdan çox ciddi dəyişikliklərə yol açacaq:
"Ortaq dil dedikdə biz qətiyyən yeni bir dil yaradıb ortaya qoymaq haqqında düşünməli deyilik. Tarix boyu heç bir imperiya və ya geniş ərazidə dövlət qurmuş xaqanlar tamamilə yeni bir dil yaratmayıblar. Onlar sadəcə bu və ya digər mövcud dilin funksionallığını və işləkliyinini artırıblar. Sıfırdan yeni dil yaratmaq həm mürəkkəb, həm də qeyri-mümkündür. Ona görə də hazırda aktiv işlək olan türk dillərinin strukturu nəzərə alınmalı, əlifbaların ümumi ortaq mənada, vahid platformada bir-birinə uyğunlaşdırılması istiqamətində addımlar atılmalıdır. Bu proses heç bir halda Azərbaycan, türkmən, qazax, qırğız və digər türk dillərinin müstəqil statusuna zərrə qədər də kölgə salmamalıdır. Biz vaxtilə rus dilini, indi isə ingilis dilini beynəlxalq ortaq dil kimi necə işlədiriksə, türk dövlətləri arasında da ortaq dili o cür qəbul etməli və yaradılacaq yeni dil qurumu məhz bu istiqamətlə məşğul olmalıdır. Türk dövlətləri arasında belə bir ortaq dil qurumunun yaradılması praktik baxımdan çox ciddi dəyişikliklərə yol açacaq. İlk növbədə, dillərin işlənməsi, işləkliyi və inteqrasiyası baxımından mövcud mənzərə müsbətə doğru xeyli dəyişəcək. Ən əsası, ünsiyyət sferası həddindən artıq genişlənəcək ki, bu da müxtəlif coğrafiyalardakı türk xalqlarının bir-biri ilə daha asan anlaşmasına və ünsiyyət qurmasına imkan verəcək. Bununla yanaşı, kitab nəşri, tədris prosesi və ortaq terminoloji lüğətlərin hazırlanması sahəsində də böyük canlanma yaranacaq. Türkoloji Qurultayın və keçirilən mühüm elmi konfransların nəticəsi olaraq, bundan sonra konkret və aydın bir bələdçi proqram (yol xəritəsi) hazırlanmalıdır. Bu proqramda hansı işlərin görüləcəyi, hansı istiqamətlərin seçiləcəyi və dövlətlərlə xalqların bu prosesdən necə faydalanacağı dəqiq şəkildə öz əksini tapmalıdır".
Samirə Allahverdizadə