Türk dünyasını birləşdirən elmi platforum fəaliyyətə başlayır
Türk dünyasının ən nüfuzlu elmi platformalarından biri olan növbəti Türkoloji Qurultay fəaliyyətə başlayır. Müxtəlif ölkələrdən tanınmış alimlərin qatıldığı qurultayda dil, tarix və mədəniyyət mövzuları ətrafında elmi müzakirələr aparılacaq. Tədbir ortaq elmi irsin qorunması və türk dünyası arasında əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Mövzu ilə bağlı tarixçi Faiq Ələkbərli “İnformator.az”a açıqlamasında bildirib ki, 100 il bundan öncə bir türkoloji qurultay keçirilib:
“Bu türkoloji qurultayın əsas məqsədi türk xalqlarının dilində və əlifbasında dəyişikliklər etmək idi. Yəni söhbət türk xalqlarının eyni əlifbada və ortaq bir türk dilində danışmasına, yazmasına çalışmaq idi. Mövzunun ortaya çıxmasının səbəbi isə artıq yavaş-yavaş ortaq türk dilində danışıq məsələlərində ciddi problemlər var idi.Hər halda bu qurultayı Sovet imperiyası həyata keçirsə də, burada toplaşan Azərbaycan, Türkiyə,Türküstandan özbək, qazax, qırğız, türkmən, tatarlar və başqalarının əsas məqsədi səmimi bir istəklə türk dilinə və türk əlifbasına bir yeni bir ruh vermək idi. Ancaq Sovet imperiyasının marağı əlbəttə, tamam başqa idi. O, əlifba dəyişikliyi və dildə təmizlənmə adı altında öz siyasətini yürüdüb..
Bu kimi türkoloji qurultaylar bizim üçün yeni bir mərhələyə keçid olub. Yəni ən azından türk xalqlarının bir-birini tanıması, ortaq əlifba, türkcədə, mədəniyyət kimi məsələlərdə yeni bir dönəm başlanıb”.
Tarixçinin sözlərinə görə, əlbəttə, burada atılan, səsləndirilən fikirlər, qurultayda da ortaya qoyulan məsələlər birliyimizi, dirliyimizi daha da gücləndirəcəkdir, yeni bir mərhələyə qədəm qoymağımıza səbəb olacaqdır:
“Prezident İlham Əliyev vasitəsilə dəstəklənən və həyata keçirilən bu türkoloji qurultay da, burada səslənən fikirlər də yeni düşüncələr ortaya qoyur. Xüsusilə də xalqlarımızın təfəkkürünün birləşməsindən, alt bazanın formalaşmasında və bütövlükdə dövlətlərin də bir araya gəlməsində çox mühüm bir təməldir”.
Mələk Hüseynova