“Türk mədəni irsinin təbliğində ali təhsil müəsisələrinin üzərinə mühüm vəzifələr düşür” - Elçin Babayev
Türk mədəni irsinin yaşadılmasında və təbliğində ali təhsil müəsisələrinin qarşısında bir sıra mühüm vəzifələr durur. Bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Bakıda Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində "Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində" beynəlxalq konfransdakı çıxışında deyib.
Mövzu ilə bağlı türkoloq-tarixçi Faiq Ələkbərli "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra türk mədəni irsinin qorunması istiqamətində mühüm addımlar atıb:
"Müstəqilliyini bərpa edən digər türk dövlətləri də bu istiqamətdə müəyyən işlər görürlər. XX əsrdə əsasən Türkiyə Cümhuriyyəti bu sahədə addımlar atırdısa, son illərdə artıq ali təhsil müəssisələri də bu prosesə fəal şəkildə qoşulurlar. Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və digər ali məktəblərdə bununla bağlı müəyyən tədbirlər görülür. Xüsusilə, Bakı Dövlət Universiteti yarandığı tarixdən etibarən türk xalqlarının birliyi, türk mədəni irsinin qorunması ilə bağlı mühüm işlər görüb”.
Türkoloq-tarixçi, həmçinin qeyd edib ki, bu sahədə mövcud mərkəzlərin fəaliyyəti daha da gücləndirilməli və yeniləri açılmalıdır:
"Açılan türkoloji mərkəzlər təkcə dilçiliklə məhdudlaşmamalıdır. Burada mədəniyyət məsələlərinə daha geniş prizmadan - ədəbiyyat, fəlsəfə və tarix kontekstində yanaşılmalıdır. Cənab Prezidentin də ifadə etdiyi kimi, burada əsas qayə türk dövlətlərinin və xalqlarının bir ailə olmasıdır. Biz bu birliyi təbliğatımızda düzgün formada çatdırmalıyıq. Bakı Dövlət Universiteti tariximizin və mədəniyyətimizin ayrılmaz bir hissəsidir. Hesab edirəm ki, universitetimiz türk ruhunun dirçəldilməsi istiqamətində çox önəmli addımlar ata və bu prosesə öndərlik edə bilər. Bakı Dövlət Universiteti ədəbiyyat, fəlsəfə və tarix sahələrində daha ciddi layihələri öhdəsinə götürməklə digər universitetlər üçün örnək olmaq potensialına malikdir. Şübhəsiz ki, belə fundamental işlərin görülməsi təkcə Azərbaycan üçün deyil, bütövlükdə türk dünyası üçün gözəl təşəbbüs olacaqdır”.
Günel Əlili