00:00:00
Yazar
Səmayə Səftərova
19.10.2026 21:07 32 4 dəq oxuma
Sosial

Türkiyədə Azərbaycan əleyhinə çağırış edənlər ilk olaraq öz ölkələrində məsuliyyətə cəlb olunmalıdır

Türkiyədə Azərbaycan əleyhinə çağırış edənlər ilk olaraq öz ölkələrində məsuliyyətə cəlb olunmalıdır

Azərbaycan Baş Prokurorluğu tərəfindən ölkənin konstitusiya quruluşunun, ictimai təhlükəsizliyin, vətəndaşların hüquq və azadlıqlarının qorunması, habelə dini radikalizm və ekstremizm təzahürlərinin qarşısının alınması istiqamətində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində tədbirlər davam etdirilir.

 

 "İnformator.az" xəbər verir ki, Baş Prokurorluğun yaydığı məlumata görə, bu çərçivədə, 16 oktyabr 2026-cı il tarixdə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 281.2, 283.2.1 və 167-3.1-ci maddələri ilə başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

 

Türkiyədə Azərbaycanın konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağıran kimlərdir?

 

İstintaqın hazırkı mərhələsində toplanmış sübutlara əsasən, Türkiyədə yaşayan, habelə, fəaliyyət göstərən bir sıra şəxslər - “Haksöz” jurnalı və “Haksöz Haber” internet resursunda müəllif kimi fəaliyyət göstərən Rıdvan Kaya, “Köklü Değişim” nəşrində yazıçı, “Değişim TV”nin aparıcısı Zəkəriyyə Cəran (Abdullah İmamoğlu adı ilə tanınan), “Analiz Merkezi” internet resursunun təsisçisi və “Fatih Tezcan’la Analiz Merkezi” proqramının müəllifi Fatih Tezcan, “Ahmet Şanlı Hukuk Bürosu”nun rəhbəri Ahmet Şanlı, araşdırmaçı Fahrettin Taşkaya Saral, “Abdurrahman Tumer” adlı şəxsi Facebook profil sahibi Abdurrahman Tumer və moderator və idmançı kimi fəaliyyət göstərən Alparslan Tanrıkulu tərəfindən müvafiq olaraq 25 sentyabr-18 oktyabr tarixlərində “X”, “Facebook”, “İnstagram”, “YouTube”, “TikTok” sosial şəbəkələri və digər internet informasiya ehtiyatlarında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, habelə zor tətbiqi ilə dini nifrət və düşmənçiliyin salınmasına yönələn, dini radikalizm məzmunlu çıxışlar etmələri, həmin materialları, eləcə də bu cür çoxsaylı foto, video və digər materialları geniş auditoriyanın izlədiyi internet resurslarında yaymaları və açıq çağırışlar etmələrinə əsaslı şübhələr müəyyən edilib.

 

Bundan başqa, istintaq materiallarına əsasən Rıdvan Kaya 3 oktyabr 2026-cı il tarixdə Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun qarşısında keçirilən aksiyada, habelə, Rıdvan Kaya və Zəkəriyyə Cəran (Abdullah İmamoğlu adı ilə tanınan) isə 13 oktyabr 2026-cı il tarixdə Azərbaycanın Ankaradakı səfirliyi qarşısında keçirilən aksiyada hakimiyyətin zorla ələ keçirilməsinə dair çağırışlar, eləcə də, dini radikalizm məzmunlu çıxışlar ediblər.

 

İstintaq materiallarına əsasən, qeyd olunan 7 şəxs 19 oktyabr 2026-cı il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar təkrar törədildikdə), 283.2.1 (dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində zor tətbiq etməklə dini nifrət və düşmənçiliyin salınması) və 167-3.1-ci (dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran, belə fəaliyyəti əsaslandıran və onun zəruriliyinə bəraət qazandıran materialların hazırlanması, saxlanması və yayılması) maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. İstintaq orqanının vəsatətləri və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatları əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qərarları ilə onların barəsində həbs qətimkan tədbiri qiyabi qaydada seçilib və həmin şəxslər beynəlxalq axtarışa veriliblər. Bundan əvvəl Baş Prokurorluq “Şanlıurfa Olay” qəzetinin köşə yazarı, Türkiyə vətəndaşı Celal Çiftçini də eyni əməllərdə təqsirli bilərək beynəlxalq axtarışa vermişdi.

 

Türkiyə Cinayət Məcəlləsi nə deyir?

 

Adı çəkilən şəxslərin əməlləri elə onların vətəndaşı olduqları Türkiyə Respublikasının qanunlarında da cinayət məsuliyyəti yaradır. Türkiyə Respublikasının 5237 saylı Cinayət Məcəlləsi (Türk Ceza Kanunu – TCK) sosial şəbəkələrdə təhqir xarakterli məzmunun yayılmasına və xarici dövlət başçılarına qarşı törədilən cinayətlərə görə hüquqi məsuliyyət nəzərdə tutur. Bu çərçivədə bəzi hüquqi əsaslar mövcuddur.

 

Təhqirə görə TCK-nın 125 (1) maddəsinə əsasən, şəxsin şərəf və ləyaqətini alçaldan konkret əməl və ya faktın ona aid edilməsi, yaxud söyüşlə təhqir edilməsinə görə 3 aydan 2 ilədək azadlıqdan məhrumetmə və ya məhkəmə qaydasında cərimə nəzərdə tutulur. Zərərçəkənin iştirakı olmadan təhqir zamanı cinayət məsuliyyətinin yarana bilməsi üçün müvafiq əməl ən azı üç şəxsin eşidə və ya öyrənə biləcəyi şəkildə törədilməlidir. TCK-nın 125 (2) maddəsinə əsasən, əməl zərərçəkmişə yönəlmiş səsli, yazılı və ya görüntülü formada törədildikdə də yuxarıdakı sanksiya tətbiq olunur. TCK-nın 125 (4) maddəsinə əsasən, təhqirin açıq şəkildə (hamının görə və ya eşidə biləcəyi formada, qeyri-məhdud şəxslər dairəsinin qavramasına imkan verən şəraitdə) törədilməsi cəzanın 1/6 nisbətində artırılmasına əsas verir.

 

Türkiyə Cinayət Məcəlləsində (Türk Ceza Kanunu - TCK) xarici dövlət başçısına qarşı cinayət məsuliyyəti də nəzərdə tutulur. TCK-nın 340 (1) maddəsində qeyd olunur ki, xarici dövlətlərdən birinin dövlət başçısına qarşı cinayət törədən şəxsə təyin edilən cəza 1/8 nisbətində artırılır. TCK-nın 343-cü maddəsinə əsasən, müvafiq müddəaların tətbiqi qarşılıqlılıq prinsipindən asılıdır. Göründüyü kimi, Azərbaycan Baş Prokurorluğunun məlumatında adı çəkilən şəxslər bu əməlləri ilə həm də Türkiyə Respublikasının qanunlarını pozmuş sayılırlar.

 

Türkiyənin özünün də qanunvericiliyində bu əməlləri törədənlər barəsində hüquqi ölçü götürülməsini nəzərdə tutan maddələr var. Həm də bu maddələr indiyə kimi dəfələrlə tətbiq olunub, ayrı-ayrı şəxslər törətdikləri əməllərə görə cəzalandırılıblar. Gözləmək olardı ki, eyni addım Azərbaycana qarşı qanunsuz çağırışlar edənlərə, qanunsuz əməllərə yol verənlərə qarşı da atılacaq, Türkiyə öz qanunvericiliyinə uyğun olaraq bu şəxsləri məsuliyyətə cəlb edəcək. Lakin bu baş vermədi. Həmin şəxslər Türkiyənin öz qanunvericiliyinə görə də cinayət məsuliyyəti daşısalar da, onların barəsində hər hansı hüquqi addım atılmadı. Bu isə, sadəcə, təəssüf doğurmur, həm də Ankaranın hüququn tətbiqinə seçici yanaşdığını göstərir. Halbuki Azərbaycan əleyhinə çağırış edənlər elə ilk olaraq öz ölkələrində cinayət məsuliyyətinə cəlb olunmalıydılar.

#Türkiyə #Azərbaycan #çağırış
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər