Türkiyə-Ermənistan sərhədində təmir işləri aparılır
Ötüken Senger bildirib ki, İğdır-Qars dəmiryolu xəttinin bərpası və Zəngəzur dəhlizi üçün hazırlıq işləri davam edir. Dəhliz açıldıqdan sonra Qarsın strateji rolu və Türkiyənin Orta Asiyaya çıxışı artacaq, lakin Ermənistan sərhədinin açılmasında Azərbaycanın mövqeyi vacibdir.
Mövzu ilə bağlı politoloq Taleh Əliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Bakı-İrəvan sülh danışıqlarının mahiyyətinə və fəlsəfəsinə uyğundur:
“Türkiyə-Ermənistan dövlət sərhədlərinin açılması birtərəfli qaydada baş verən bir fəaliyyət deyil. Türkiyə, hələ Birinci Qarabağ müharibəsi və sonrakı atəşkəs dövründə Ermənistanla dövlət sərhədini məhz Azərbaycan-Ermənistan münaqişəsinin ədalətli və tarixi gerçəkləri əks etdirən bir sonluqla yekunlaşması üçün bağlayıb. 44 günlük Vətən müharibəsindən sonrakı mərhələdə də biz, Türkiyənin bu prinsipial mövqeyini sona qədər qətiyyətlə müdafiə etdiyinin və diplomatik danışıqlarda bunu qırmızı cizgi kimi qeyd etdiyinin şahidi olurduq. Bu gün Ermənistanla Türkiyə arasındakı proseslər, əslində, Bakı-İrəvan sülh danışıqlarının mahiyyətinə və fəlsəfəsinə uyğundur. 8 avqust 2025-ci il Vaşinqton razılaşmasından sonra Azərbaycan Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, tərəflər arasında de-fakto sülh mövcuddur. Bunun de-yure müstəviyə keçməsi isə Ermənistan konstitusiyasında müvafiq dəyişikliklərin edilməsindən sonra mümkün olacaqdır. Hazırda Azərbaycan və Ermənistan arasında ticari-iqtisadi əlaqələr də mərhələli şəkildə qurulur. Bu baxımdan Türkiyə ilə münasibətlərin bərpası, sərhədin açılması və nəqliyyat-logistika imkanlarının genişləndirilməsi sülh danışıqlarından əldə olunan nəticələrə uyğun inkişaf tempini göstərir. Zəngəzur dəhlizi, yaxud yeni adı ilə TRIP marşrutunun regional faydasına gəldikdə, bu yol Pekindən Londona uzanan Orta Dəhlizin ən mühüm yeni həlqələrindən biridir. Bu marşrutun istismara verilməsi təkcə Azərbaycan-Ermənistan arasında dayanıqlı sülhə töhfə verməyəcək, həm də qlobal iqtisadiyyatda Orta Dəhlizin intensivliyini artıracaqdır. Şübhəsiz ki, bu layihə bütövlükdə Cənubi Qafqazda ticarət əlaqələrini keyfiyyətcə yeni mərhələyə qaldıracaqdır. Ermənistanın Azərbaycan və ya Türkiyə ilə birtərəfli qaydada əlaqə qurması region üçün o qədər də səmərəli olmazdı; bu əlaqələrin üçtərəfli formatda inkişafı daha faydalıdır. Hazırda belə bir format rəsmən təsis olunmasa da, atılan addımlar yaxın gələcəkdə bunun bir zərurət kimi meydana çıxacağını göstərir”.
Aydan Əsgərxanlı
