Türkiyə müharibənin tərəfi deyil: İran raketlərini NATO zərərsizləşdirilib
Təhlükəsizlik mənbələri bildiriblər ki, Türkiyə müharibənin tərəfi deyil və ölkə münaqişənin içinə çəkilməmək üçün ehtiyatlı siyasət aparır.
İrandan atılaraq Türkiyənin hava məkanına daxil olan ballistik sursatlar Şərqi Aralıq dənizində yerləşdirilən NATO-nun hava və raketdən müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
Məsələ ilə bağlı təhlükəsizlik mənbələrinin açıqlamasında bildirilib ki, son günlər bölgədə baş verən hadisələr qlobal və regional təhlükəsizlik balansının nə qədər həssas olduğunu bir daha göstərir.
Mənbələr qeyd edib ki, İraq, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Bəhreyn, Oman, Qətər və Livan intensiv hücumlara məruz qalaraq münaqişənin cəbhələrindən birinə çevrilib.
Bununla yanaşı, İrandan Türkiyəyə doğru atılan raketlərin digər ölkələrə edilən hücumlardan fərqli bir modelə sahib olduğu bildirilib.
Digər ölkələrdə olduğu kimi güclü hücum dalğası olmadığı vurğulanıb və üç raketi hava hücumundan müdafiə sistemləri zərərsizləşdirib, heç bir insan və ya maddi itki olmadığı açıqlanıb.
Mənbələr Türkiyənin mövqeyi ilə bağlı bildiriblər:
Türkiyə müharibənin tərəfi deyil və münaqişənin içinə çəkilməmək üçün ehtiyatlı davranır. Türkiyə bölgədə yeni gərginlik xətlərinin yaranmaması üçün məsuliyyətli şəkildə hərəkət edir və bunu bütün tərəflərə çatdırır. İran tərəfinə isə bu hücumla bağlı məsul şəxslərin dərhal müəyyən edilməsi və lazımi tədbirlərin görülməsi barədə açıq mesaj verilib.
Eyni zamanda qeyd olunub ki, Türkiyənin ehtiyatlı mövqeyi sonsuz tolerantlıq demək deyil.
Türkiyə milli təhlükəsizliyini təmin etmək üçün lazımi çəkindirici gücə malikdir və lazım gəldikdə öz müəyyən etdiyi formada cavab tədbirləri görməkdən çəkinməyəcək.
Mənbələr bildiriblər ki, raketləri NATO-nun hava müdafiə sistemlərinin zərərsizləşdirməsi Türkiyənin hava məkanının qorunması və müttəfiqlər arasında koordinasiyanın effektivliyinin mühüm nümunəsidir.
Türkiyə təhlükəsizlik tədbirlərini ən yüksək səviyyədə davam etdirməklə yanaşı, gərginliyin artmaması üçün diplomatik kanalları da aktiv şəkildə istifadə edir.
Bildirilib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi intensiv lider diplomatiyası bölgədə gərginliyin azaldılması və münaqişənin daha geniş əraziyə yayılmasının qarşısını almaqda mühüm rol oynayır.
Açıqlamada qeyd olunub ki, bölgədəki gərginliyin xüsusilə sosial mediada məzhəb əsaslı müzakirələrə çevrilməsi təhlükəli bir tələdir və bu, Türkiyənin daxili sabitliyinə və regional sabitliyə zərər verə bilər.
Buna görə də, ictimai müzakirələrdə məsuliyyətli və birləşdirici dilin istifadə olunmasının vacib olduğu vurğulanıb.
Həmçinin sosial mediada yayılan manipulyativ və dezinformasiya xarakterli məlumatların qarşısının alınması üçün aidiyyəti qurumların prosesi yaxından izlədiyi bildirilib.
TRT HABER
Reyhan Quliyeva