Türkiyə-Rusiya təmasları regional əməkdaşlığa necə təsir edəcək?-ŞƏRH
Türkiyənin xarici işlər naziri Hakan Fidanın Rusiyaya rəsmi səfəri çərçivəsində Moskvada keçirdiyi görüşlər Ankara ilə Moskva arasında siyasi dialoqun davam etdirilməsi baxımından diqqət çəkir. Səfər zamanı Rusiya rəhbərliyinin yüksək vəzifəli nümayəndələri ilə aparılan müzakirələrdə ikitərəfli əlaqələrin inkişafı və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bu təmaslar iki ölkə arasında əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri baxımından mühüm əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı “İnformator.az"a açıqlamasında politoloq Tural İrfan bildirib ki, Rusiya ilə Türkiyə arasında münasibətlərin dinamik inkişafı regional məsələlər üçün önəmlidir:
“Eyni zamanda, iqtisadi mövzularla bağlı da bu cür təmasların olması təbiidir. Enerji əməkdaşlığı ilə bağlı gələcək planda qarşıda duran məsələlərə aydınlıq gətirilməsi, regional münasibətlərin inkişafı üçün bu cür görüşlərin faydalı olacağı gözlənilir. Təbii ki, Ukrayna və Rusiya arasındakı müharibənin aqibəti, sülh və atəşkəsin yolları da müzakirələrə daxil edilə bilər. Azərbaycanla Türkiyə və sülh zəminində Ermənistanla reallaşan münasibətlərin Rusiya ilə də balanslaşdırıcı nizamla tənzimlənməsi vacibdir. Türkiyə və Rusiya arasında siyasi, iqtisadi əməkdaşlığın müsbət yöndə inkişafı ümumi məsələlərdə də ortamın normallaşma prosesini təmin edə bilər. Ermənistandakı seçkilərlə bağlı Rusiyanın narahatlığı və təsiri ola bilsin ki, Türkiyə ilə də əlaqəli olan məsələlərlə bu görüşə zəmin yaradıb. Çünki Ermənistanla sülh prosesindən doğan bəzi münasibətlərdə Rusiyan rolu və iştirakı ilə bağlı müəyyən razılaşmalar da mümkündür. Regional əməkdaşlıq məsələlərində, xüsusən iqtisadi, siyasi mövzularda Moskva ilə Ankaranın təmasları təbiidir. Hakan Fidanın Rusiyaya rəsmi səfəri bu mövzuda bütün yönləri ilə müzakirələrin nəticələrini bəyan etdikdən sonra öz əsas xarakterini ortaya qoyacaq. Lakin hazırki durumda bu səfərin ümumi region üçün münasib olduğunu demək olar".
Mehriban Yariyeva