Türkmənistan Prezidentinin Azərbaycana səfəri hansı perspektivlər vəd edir?-ŞƏRH
Bakı və Aşqabad arasında güclənən siyasi dialoq fonunda, Türkmənistan Prezidentinin Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətləri daha da möhkəmləndirib. Sözügedən tarixi səfər regional sabitlik, iqtisadi əməkdaşlıq və strateji nəqliyyat-logistika dəhlizlərinin inkişafı üçün mühüm platforma rolunu oynayır.
Tarixin müxtəlif mərhələlərində siyasi, iqtisadi və mədəni baxımdan sıx təmasda olmuş Azərbaycan və Türkmənistan əlaqələri, Prezident İlham Əliyevin xüsusi diplomatik səyləri sayəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.Son illər baş verən intensiv siyasi dialoq, qarşılıqlı səfərlər və imzalanan sənədlər bu əlaqələrin nə qədər sağlam təmələ söykəndiyini sübut edir.
Bu sözləri “İnformator.az”a Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı söyləyib.

Deputat Azərbaycan - Türkmənistan münasibətlərinin qədim tarixi köklərə, ortaq mədəniyyətə və strateji maraqlara əsaslandığını bildirib:
“Bu iki qardaş xalqı yalnız coğrafi yaxınlıqla yanaşı həm də ortaq etnik mənsubiyyət, dil və din birliyi, yüzillərlə davam edən dostluq və qardaşlıq əlaqələri birləşdirir. Bu gün iki dövlət regionda və beynəlxalq aləmdə də bir-birini dəstəkləyən tərəfdaşlardır. Müasir geosiyasi vəziyyətdə Türk Dövlətləri Təşkilatı (TDT) regional sabitlik, iqtisadi inteqrasiya və nəqliyyat-logistika körpülərinin qurulması baxımından strateji platforma rolunu oynayır. Türkmənistanın müşahidəçi statusunda çıxış etməsinə baxmayaraq, bu təşkilat daxilində Azərbaycanla Türkmənistan arasında münasibətlər qarşılıqlı dəstək əsasında inkişaf edir.Son illərdə yüksəksəviyyəli qarşılıqlı səfərlərin intensivliyi xüsusi diqqət çəkir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Türkmənistana həyata keçirilən 2 rəsmi və 5 işgüzar səfər, eləcə də onun 2025-ci il avqustun 22-də Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası, Türkmənistan və Özbəkistan Respublikası arasında yüksəksəviyyəli görüşdə iştirakı Bakının bu istiqamətə verdiyi önəmin göstəricisidir. Türkmənistan tərəfi də eyni intensivliklə qarşılıqlı münasibətlərə töhfə verir. 2023-cü ildə Sərdar Berdiməhəmmədovun Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmək üçün Bakıya səfəri, eləcə də Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun 2025-ci ildə Qəbələdə keçirilən sammitdə iştirakı iki ölkə arasında strateji tərəfdaşlığın dinamik inkişafını təsdiqləyən mühüm hadisələrdəndir”.
Sərdar Berdiməhəmmədovun Azərbaycana rəsmi səfərinin əhəmiyyətini qeyd edən Millət vəkili, bu səfərdə əldə olunan razılaşmaların hüquqi və institusional əsaslarını daha da gücləndirəcəyini diqqətə çatdırıb. O, Bakıdakı danışıqlarda əsas diqqətin enerji, nəqliyyat-logistika sektoruna və Xəzərdə üçtərəfli əməkdaşlıq formatına yönəldiyini bildirib:
“Azərbaycan-Türkmənistan əməkdaşlığı təkcə iqtisadi göstəricilərlə məhdudlaşmır, həm də dərin mənəvi və mədəni təməllərə söykənir. İşğaldan azad edilmiş Füzuli şəhərində Türkmənistan dövlətinin təşəbbüsü ilə müasir məscid kompleksinin inşa olunması qardaşlıq münasibətlərinin ən ali təzahürüdür. Münasibətlərin bu yüksələn dinamikası fonunda Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun ölkəmizə rəsmi səfəri əldə olunmuş razılaşmaları hüquqi müstəvidə möhkəmləndirərək, strateji tərəfdaşlığın institusional əsaslarını daha da sarsılmaz edəcək. Bakıda keçirilən yüksək səviyyəli danışıqlarda xüsusilə enerji, nəqliyyat və logistika sahələrində əməkdaşlığın dərinləşdirilməsi, həmçinin Xəzər dənizində üçtərəfli əməkdaşlıq imkanlarının genişləndirilməsi diqqət mərkəzində oldu. Bütövlükdə Türkmənistan prezidentinin səfəri iki ölkə arasında mövcud mehriban qonşuluq münasibətlərini daha da inkişaf etdirərək yeni mərhələyə yüksəltmiş olacaq”,-deyə Millət vəkili fikirlərini yekunlaşdırıb.
Zəri Bayramlı