Türkmənistanın neytrallıq siyasətini həmişə dəstəkləmişik və dəstəkləməyə davam edəcəyik - Prezident
Prezident İlham Əliyev Türkmənistanın beynəlxalq arenada apardığı neytrallıq siyasətini Azərbaycanın ardıcıl şəkildə dəstəklədiyini və bu mövqenin gələcəkdə də davam etdiriləcəyini bildirib. Bu yanaşma iki ölkə arasında strateji tərəfdaşlıq və regional sabitlik maraqlarının üst-üstə düşdüyünü göstərir, eyni zamanda Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında siyasi dialoqun güclənməsinə xidmət edir.
Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan və Türkmənistan qaralanda tarixi, mədəni, etnik, siyasi bağlar var və bu əlaqələr getdikcə güclənməkdə, münasibətlər inkişaf etməkdədir. Türkmənistanın neytrallıq siyasəti regionda baş verən hadisələrdə və gedən proseslərdə öz təsirini göstərir:
“Bu mövqe həm Azərbaycan və Türkmənistan arasında streteji tərəfdaşlıq baxımından həm də sülhün, sabitliyin regional müstəvidə təmin olunması yönündən əhəmiyyətlidir. Təbii ki, bu durum bir qədər də geniş masştabda Mərkəzi Asiya və Cənubi Qafqaz arasında siyasi dialoqun güclənməsi ilə paralel olaraq yeni birgə layihələrin, iqtisadi, ticari, mədəni əlaqələrin də inkişafına şərait yaradan amillərdəndir. Neytrallıq siyasəti beynəlxalq münasibətlərdə kiçik və orta dövlətlər üçün proseslərə müəyyən qədər ədalətlə yanaşma öhdəliyi yaradır. Öz təhlükəsizliyi ilə yanaşı bəzən gərgin proseslərdə müdaxiləsi ilə durumun daha da gərginləşməsinin qarşını alır. Münasibətlərin normal qalması, qeyri - siyasi sahələrdəki əlaqələrin qorunmasına vəsilə olur. Türkmənistanın neytrallıq siyasəti regionda hərbi-siyasi balansı qorumaq, xarici hərbi mövcudluğun qarşısını almaq və mehriban qonşuluq münasibətlərini dəstəkləmək üçün vacibdir. Bu, dövlətlərin iqtisadi və nəqliyyat əlaqələrini inkişaf etdirməsinə də təhlükəsiz zəmin yaradır. Habelə bu siyasət regionda hər hansı yeni hərbi bloklara və ya xarici dövlətlərin hərbi bazalarına qoşulmamaqla, potensial gərginlik ocaqlarının yaranmasının qarşısını alır. Blokdankənar status region ölkələri, xüsusilə, Azərbaycan, Qazaxıstan və Türkiyə ilə qarşılıqlı etimada əsaslanan iqtisadi və enerji layihələrini asanlaşdırır. İqtisadi yöndən də bu siyasətin müsbət yönləri var. Dövlət resurslarını müharibələrə deyil, sülh məqsədli infrastruktur layihələrinə və nəqliyyat dəhlizlərinin diversifikasiyasına yönəltməyə imkan verir. Həmçinin Türkmənistan neytral statusundan irəli gələrək müxtəlif regional və beynəlxalq sülh təşəbbüslərinə ev sahibliyi edə bilir. Azərbaycan və digər qonşu ölkələr də həm ikitərəfli münasibətlərdə, həm də BMT səviyyəsində Türkmənistanın bu xəttini dəstəkləyir. Ümumiyyətlə, Türkmənistanın bu siyasəti həm dostluq həm də regional əlaqələr baxımından təkcə Azərbaycan üçün deyil, bütün region üçün faydalı hesab olunur”.
Fatimə Hüseynli