TURLARIN SAYI ARTIR, TƏHLÜKƏSİZLİK UNUDULUR
Mövsümlə əlaqədar regionlara təşkil olunan turların sayı əhəmiyyətli dərəcədə artıb. Lakin, təəssüf ki, əksər hallarda avtonəqliyyat vasitələrinin texniki vəziyyətinə və bir sıra digər qaydalara diqqət yetirilmir ki, bu da yollarda, xüsusilə də dağlıq ərazilərdə qəzaların baş vermə ehtimalını artırır. Problem aidiyyatı qurumları hərəkətə keçirib və bununla bağlı səyahət turlarını təşkil edənlərə müraciərt olunub. Daxili turların təşkili zamanı Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri bölgələrə 1,2 və daha çox müddətə avtobus turları təşkil edir ki, bunun üçün də nəqliyyat vasitələri icarəyə götürülür. Ekspertlər bildirir ki, turistlərin bölgəyə aparılıb gətirilməsində məsuliyyəti nəqliyyat vasitələrinin sahibləri daşıyır. Nəqliyyat vasitələri iki sürücü ilə təmin olunmalı, eyni zamanda gündəlik olaraq texniki baxışdan keçirilməlidir. Həmçinin, bu cür nəqliyyat vasitələrinin istifadəsi müvafiq Turizm Assosiasiyaları tərəfindən nəzarətə götürülməlidir. Turizm üzrə ekspert Rəhman Quliyevin sözlərinə görə, turizm şirkətlərinin nəqliyyat vasitəsi ilə müqavilə əsasında çalışması ona əsas vermir ki, bugünkü gündə hər hansı bir bədbəxt hadisədən yaxasını kənara çəksin. “Nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsindən əlavə, hesab edirəm ki, marşrutların düzgün seçilməsi də əsasdır. Eyni zamanda turizm şirkətləri ilə nəqliyyat şirkəti arasında bağlanan müqavilənin müddəaları geniş tərkibdə olmalıdır”. Ekspert əlavə edir ki, turizm şirkətləri ilə turist arasında onların ixtiyarına veriləcək avtonəqliyyat vasitəsinin saz vəziyyətdə olub-olmamasına dair də müqavilə bağlanmalıdır. “Təbii ki burda sərnişinlər də, turistlər də turizm şirkətlərindən hansı avtobusun marşruta buraxılacağını, yəni hansı xətt üzrə hərəkət edəcəyini daha öncədən bilmələri üçün turizm şirkətləri ilə turist arasında da bir müqavilə bağlanmalıdır. Bu müqavilə geniş tərkibdə olmalıdır. Çünki burda turizm şirkəti bir vasitəçi rolunu oynayır, nəqliyyat şirkətindən avtobusu əldə edir, gündəlik həmin avtobusu turistə satır”.
Məsələ ilə bağlı turizm şirkətlərinin mövqeyi isə belədir: “Sözügedən müqavilə haqqında ilk sizdən eşidirik. Nəqliyyat vasitəsinə 2 sürücü isə yalnız 2 günlük və ya xarici ölkələrə təşkil edilən səfərlər zamanı verilir”.
Baş Dövlət Yol Polisi İdarəsindənvisə bildirirlər ki, əksər hallarda qeyri-müntəzəm daşımalar zamanı avtonəqliyyat vasitələrinin texniki vəziyyətinə, sürücülərin reysqabağı tibbi müayinəsinə, onların iş və istirahət rejiminə nəzarət olunmur. Nəticədə xüsusilə də dağlıq ərazilərdə ağır yol-nəqliyyat hadisələri baş verir. BDYPİ-nin inspektoru Elvin Hacıyev avtobus və mikroavtobus sahiblərinin, eləcə də onları idarə edən şəxslərin nəzərinə çatdırır ki, respublikanın avtomobil yollarında ayrı-ayrı şəxslərin təşəbbüsü ilə respublikanın regionlarına qanunsuz daşımaların təşkil edilməsi halları aşkar ediləcəyi təqdirdə həmin nəqliyyat vasitələrinin hərəkəti qadağan edilməklə sürücüləri barədə inzibati tənbeh tədbirləri görülücək. “Baş verə biləcək ağır qəzaların qarşısının alınması və təhlükəsizliyin təmin edilməsi məqsədilə, fərdi qaydada ekskursiyalar təşkil edən şəxslərdən belə səfərləri yalnız bu sahədə ixtisaslaşmış turizm şirkətləri vasitəsilə həyata keçirmələri xahiş olunur”.
TÜRKAN
