Turşu hazırlayarkən qaydalara əməl olunmaması zəhərlənməyə səbəb olur
"Turşular mətbəximizin vazkeçilməz ləzzətlərindən biridir. Onlar əsasən, tərəvəzlərdən hazırlanır. İstər pomidor, istər xiyar, istərsə də digər meyvə və tərəvəzlər olsun, turşusunu hazırlayarkən diqqət ediləcək ən vacib amillərdən biri onun gigiyenik şərtlərdə hazırlanmasıdır".
Bu sözləri informator.az-a açıqlamasında Gənclərin Töhfəsi İctimai Birliyinin sədri və Sağlam qida təbliğatçısı Asim Vəliyev söyləyib.
"Turşusunu hazırlayacağımız meyvə və tərəvəzi təmiz yumaq lazımdır. Əks halda biz qida zəhərlənməsinə məruz qala bilərik”.
Asim Vəliyevin sözlərinə görə, yaxşı yuyulmayan meyvə və tərəvəzlərdə orqanizm üçün zərərli bakteriyalar duzlu və turşulu mühitdə ölsə də, toksinlərin səbəb olduğu qida zəhərlənməsinə məruz qala bilər.
“Bu baxımdan turşunun gigiyenik şərtlərdə hazırlanması çox vacibdir. Düzgün hazırlanmayan, duz və ya sirkənin miqdarı düzgün tənzimlənməyən turşularda yumşalma baş verir. Turşunun yumuşalması kiflərin çoxlamasının əlamətidir. Bu kiflər bir çox hallarda göbələk infeksiyalarına da səbəb ola bilir”.
A.Vəliyev deyir ki, əgər turşu suyunun üzərində ağ təbəqə müşahidə edirsinizsə, bu kif təbəqəsidir və sağlamlığa faydalı bakteriya nisbətinin pozulmasının əlamətidir.
“Belə olduğu halda o turşunu qəti şəkildə yeməyin. Akut olaraq toksinlər vasitsilə meydana gələn qida zəhərlənmələri də baş verir. Xüsusilə immunitet sistemi zəif xəstələr üçün bu çox risklidir. Gigiyenik şərtlərdə və düzgün miqdarda su və sirkə ilə hazırlanan turşu ilə qida zəhərlənmələrindən qoruna bilərik".
Müsahib bildirir ki, düzgün hazırlanan turşunun tərkibindəki faydalı mikroorqanizmlər ishal və bağırsaq infeksiyalarından qorumaqda çox faydalıdır.
"Turşu hazırlayarkən plastik qablardan istifadə etməməliyik. Plastik mətbəx avandanlıqları üzərində ən çox bakteriya olan və bakteriyaların çoxlamasına şərait yaradan bir qurluşdadır. Qida üzərindəki turşuluğu artırdığı və kanserogen maddələrin əmələ gəlməsinə səbəb olduğu üçün qidaların qida dəyərini aşağı salır, qida zəhərlənməsinə, mədə və bağırsaq xərçənginə səbəb ola bilir. Bu səbəblə qışlıq qida hazırlıqlarında mütləq şüşə qabqlardan istifadə olunması tövsiyə olunur. Şüşə bankaları təmiz yuyub qurulamaq lazımdır. Qapağın əzik, ağzı bağlanmayacaq şəkildə əyri, paslanmamış olduğuna diqqət edin. Turşu hazılamaq üçün aldığımız qidaların əzilmiş, çürük və kifli olmamasına diqqət edilməlidir".
A.Vəliyev söyləyir ki, turşu uyğun şərtlərdə hazırlanmadığı təqdirdə bir patogen bakteriya növü olan “Clostridium botulinum” sürətlə çoxalmağa başlayır.
"Bu bakteriya yoluxduğu qidanı istehlak edənlərdə 18-36 saat ərzində halsızlıq, baş fırlanması, ağız quruluğu, təzyiq düşməsi, dəridə rəng dəyişikliyi və ağrılı şişmələr, tərləmə, qarın ağrısı, bulantı və qusma müşahidə olunur. Erkən müdaxilə olunmasa ölümlə də nəticələnə bilər. İstər evdə hazırlanan, istərsə marketdən aldığınız turşuların qapağı şişibsə, pis dad və qoxu verirsə, açdıqda üzərində ağ təbəqə şəklində kiflənmə varsa, həmin turşunu istifadə etməməliyik".
Aydan İsayeva
