U-17 dünya çempionatında Azərbaycanın yeddi medallıq uğur
Bakıda keçirilən U-17 dünya çempionatında Azərbaycan güləşçiləri yeddi medal qazanaraq yarışı uğurla başa vurublar. Turnirdə əldə olunan nəticələr gənc güləşçilərin hazırlıq səviyyəsini və Azərbaycan güləşinin beynəlxalq arenadakı mövqeyini bir daha diqqət mərkəzinə gətirib.
Mövzu ilə bağlı idman eksperti Kənan Məstəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, yarışı yeddi medalla başa vurmaq gələcəyə ümidlə baxmağa imkan verir:
"Bakıda keçirilən U-17 Dünya çempionatında Azərbaycan yığmasının çıxışını qənaətbəxş qiymətləndirmək olar. Şübhəsiz, nəticələr daha da yaxşı ola bilərdi. Finalla bitən üç qarşılaşmadan qızıl medal qazanmaq imkanımız var idi. Doğma azarkeşlər qarşısında keçirilən yarışda ən azı bir qızıl medalın əldə olunması gözlənilən idi. Bu məqam çıxışımızın mənfi tərəfi sayıla bilər. Lakin ümumilikdə komanda hesabında uğurlu çıxış etdiyimizi və mühüm nailiyyətlər qazandığımızı nəzərə alsaq, yekun nəticəni müsbət qiymətləndirmək mümkündür.
Yarışı yeddi medalla başa vurmaq gələcəyə ümidlə baxmağa imkan verir. Gənclər və yeniyetmələr arasında güləşin inkişafı istiqamətində işlər aramsız davam etdirilməlidir. Xüsusən regionlarda görülən tədbirlər sürətləndirilməli, idmanın bu növündə kütləvilik təmin edilməlidir. Bununla yanaşı, idman infrastrukturunun yenilənməsi və genişləndirilməsi vacibdir. Eyni zamanda, peşəkar güləşçilər yetişdirəcək məşqçi kadrlarının hazırlanması istiqamətində də mühüm addımlar atılmalıdır.
Yekun olaraq, güləşçilərimizin çıxışını uğurlu hesab etmək olar. Növbəti yarışlarda bundan da yüksək göstəricilər əldə etmək üçün fəaliyyəti daha da artırmaq və hazırlıq prosesini keyfiyyətcə yeni mərhələyə qaldırmaq lazımdır".
Samirə Allahverdizadə