00:00:00
Yazar
Lalə Qafarova
15.02.2026 16:50 9 2 dəq oxuma
İdman

U-19 Azərbaycan çempionatında ilk gündə 41 döyüş

U-19 Azərbaycan çempionatında ilk gündə 41 döyüş

Gənc boksçular arasında U-19 Azərbaycan çempionatına start verilib. Bakı Boks Mərkəzində keçirilən yarışın ilk günündə 5 çəki dərəcəsində ümumilikdə 41 döyüş baş tutub və növbəti mərhələyə yüksələn idmançılar müəyyənləşib. Yeddi gün davam edəcək çempionatın qaliblərinin adı bu gün aydınlıqlaşacaq. 
 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında idman eksperti Kənan Məstəliyev bildirib ki, gənc boksçular arasında keçirilən yarışlarda, eləcə də digər idman növlərində bu yaş qruplarında mübarizə daha amansız olur:

 

“Çünki onlar daha enerjili və istəkli olurlar. Taktiki cəhətdən hələ təcrübələri yetərincə olmadığına görə daha çox hücuma meylli olurlar, aqressiv davranmağa çalışırlar. Qələbə qazanmaq üçün daha qısa yoldan istifadə etməyə üstünlük verirlər. Yəni bunun yolunu hücumda, döyüşə atılmaqda görürlər və bu da heç də həmişə uğurlu olmur. Çünki boksda bir boksçunun ən zəif anı hücum etdiyi vaxtdır. Həmin anda zərbə ala bilər, müdafiəsi açıq qaldığı üçün ağır zərbə ilə məğlub da ola bilər. Bu məsələdə diqqətli olmaq lazımdır. Gənc boksçuların yarışları izləyicilər üçün maraqlı olsa da, ümumilikdə döyüşçülər üçün təhlükəli ola bilər. Düşünürəm ki, yeniyetmələr və gənclər arasında keçirilən yarışların sayı nə qədər çox olarsa, bir o qədər yaxşı olar. Bu, idmançıların daha çox təcrübə qazanmasına və daha yaxşı mübarizə aparmasına kömək edir. İstənilən idmançı, istənilən idman növündə məhz təcrübəsi hesabına uğur qazana bilir. Ona görə də hesab edirəm ki, bu yarışların sayı çox olmalı və öz töhfəsini verməlidir”.

 

Eyni zamanda, Kənan Məstəliyev vurğulayıb ki, adətən orta çəkilərdə rəqabət daha güclü olur:

 

“Çünki ölkə olaraq ağır çəkili idmançılarımız, ümumiyyətlə, digər idman növlərində də azdır və orada idmançı sayı baxımından problemlər yaranır. Amma orta və yüngül çəkilərdə idmançılarımız daha çoxdur və buna görə də həmin çəkilərdə rəqabət daha güclü olur. Düşünürəm ki, bu çempionatda da belə olacaq”.

 

Reyhan Quliyeva

#xeber #gundem
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər