00:00:00
Yazar
Elmira Ağayeva
09.07.2026 21:43 33 2 dəq oxuma
İdman

U20 Avropa çempionatı: Yunan-Roma güləşçilərimiz 3 medal qazanıblar

U20 Avropa çempionatı: Yunan-Roma güləşçilərimiz 3 medal qazanıblar

 

Gənclər arasında keçirilən "U20 Avropa çempionatı"nda Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandası uğurlu çıxış edib. Güləşçilərimiz yarışın ilk günlərində 1 qızıl və 2 gümüş medal qazanaraq çempionata uğurlu start veriblər.


55 kq çəki dərəcəsində mübarizə aparan Emin Cavadlı bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adına layiq görülüb. 77 kq çəki dərəcəsində çıxış edən Cavidan Nehmətov və Orxan Hacıyev isə fəxri kürsünün ikinci pilləsinə yüksələrək gümüş medala sahib olublar.

 

Mövzu ilə bağlı əməkdar məşqçi Ramin Allahverdiyev "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan uzun illərdir Avropanın güləş üzrə aparıcı ölkələrindən biridir və əldə olunan nəticələr təsadüfi deyil:


“Azərbaycanı Avropada güləş üzrə ən güclü ölkələrdən biri hesab etmək olar. Final görüşlərində idmançıların psixoloji təzyiq hiss etməsi tamamilə normaldır. Rəqibin hansı ölkəni təmsil etməsindən asılı olmayaraq, bu həyəcan hər kəsdə olur. İdmançılarımız bilməlidirlər ki, onlar həyəcan keçirirlərsə, rəqibləri də eyni hissləri yaşayır. Bu psixoloji üstünlükdən düzgün istifadə etmək vacibdir. Yaxşı hazırlıq keçən və öz imkanlarına güvənən idmançının özünəinamı artır, qorxu və həyəcan isə minimuma enir”.

 

Ramin Allahverdiyev vurğulayıb ki, son illərdə Avropada legionerlərin transferi güləşdə rəqabəti daha da gücləndirib. Onun sözlərinə görə, əvvəllər güləş ənənələri ilə tanınmayan ölkələrin idmançıları da artıq Avropa və dünya çempionatlarında uğurlu nəticələr əldə edirlər.

 

“Bununla belə, bu amil Azərbaycanın güləşdəki lider mövqeyinə təsir göstərmir. Dünya çempionatlarında rəqabət daha sərt olur. Xüsusilə Yaponiya, İran, Qırğızıstan və Özbəkistan kimi ölkələrin idmançıları çox güclüdür. Buna baxmayaraq, Azərbaycan güləş məktəbi öz gücünü qoruyub saxlayır”.

 

Süsən Kərimova

#U20 #medal #çempionat
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər