Üç cüdoçumuz Avropa çempionatında medal qazanıb
Slovakiyanın paytaxtı Bratislavada gənclər arasında keçirilən Avropa çempionatında Azərbaycan millisi ilk gündə 3 medal qazanıb.
Mövzu ilə bağlı jurnalist Kənan Məstəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qeydə alınan nəticələr, əslində, əlamətdar hadisədir:
“Çünki həmişə biz yeniyetmə və gənclərimizin uğurlarını gələcək uğurlarımızın təməli kimi qiymətləndiririk və bu uğurların qazanılması da bizə gələcəyə daha ümidlə baxmağa imkan verir. Azərbaycan Cüdo Federasiyasının fəaliyyəti, həqiqətən də, çox əladır, qənaətbəxşdən də yuxarıdır, çox yaxşı fəaliyyət göstərirlər. İstər tatamidə, istərsə də tatamidən kənarda çox geniş fəaliyyətləri var. Məsələ, yəni, təkcə Avropa və yaxud Azərbaycan arenasında yaxud da Avropa arenalarında qazanılan uğurlar deyil, həm də bu qazanılan uğurların davamlı edilməsi üçün, davamlı olması üçün atılan addımlardır. Buraya müxtəlif beynəlxalq seminarların keçirilməsi, müxtəlif mütəxəssislərin hazırlaşması, hazırlanması, hakimlərin, məşqçilərin və digər mütəxəssislərin beynəlxalq təcrübə qazanaraq onların gələcək uğurlarımızda iştirakının təmin edilməsi daxildir. Eyni zamanda cüdo infrastrukturunun genişləndirilərək idmançıların fəaliyyətinin öhdəsinə verilməsi, həqiqətən də, təqdirəlayiq haldır. Yəni, cüdoçularımızın - istər böyüklərin, istərsə də yeniyetmələrin və yaxud gənclərin uğurları heç də təsadüfi deyil, görülən işin nəticəsi kimi qiymətləndirmək olar. Son Olimpiya oyunlarında 2 cüdoçumuzun qızıl medal qazanması və Azərbaycan üçün qazanılan qızıl medalların ancaq və ancaq cüdodan gəlməsi böyüklərdə bu işin doğru görüldüyünü göstərir. Amma bu davamlı olmaya bilər, onun üçün də yeni bir nəslin formalaşdırılması lazımdır".
Müsahib həmçinin bildirib ki, qeyd olunan idmançıların da - istər Nihad Məmişovun, istər Məhəmməd Musayevin, istər Nizami İmranovun da uğurları da maraqlı uğurlardır:
"Təbii ki, onlar əziyyət çəkərək medal qazanıblar. Amma bu medalları özəl edən əsas məsələ odur ki, bu onların təkcə ilk medalları deyil. Məsələn Nizami İmranovun bu artıq ardıcıl, səhv etmirəmsə, 3-cü belə medalıdır. Həmçinin Nihad və Məhəmmədin də medalları vardır. Onların bu artıq 1-ci medalları deyil. Onlar yeniyetmə yaşlarında Avropa medalları qazanıblar və artıq hər il gənclik yaşlarında da bu prosesi, bu uğuru davam etdirə bilirlərsə, bu o deməkdir ki, onlar həm də böyüklərdə də bu uğuru davam etdirə biləcəklər. Biz artıq istər Los-Anceles Olimpiya oyunlarında, istər ondan sonraki Olimpiya oyunlarında da medallara ümid edə bilərik, inana bilərik. Bunun üçün yaxşı bir təməl var, həm də qazanılan qələbələrin gözəlliyi də maraqlıdır. Məsələn, bu 66 kiloqram çəki dərəcəsində Məhəmməd Musayevin qazandığı qələbələrin əksəriyyətinin ipponlarla əldə olunması və onu həqiqətən də, çox gözəl formada etməsi də maraqlıdır, təqdirəlayiqdir, qeyd olunmalıdır. Çünki idman həm təkcə bu işin qələbə qazandı-uduzdu məsələsi deyil, həm də o qələbənin qazanılma forması da maraqlı olur və azarkeşlər, cüdosevərlər, idmansevərlər təkcə Azərbaycanda yox, bütün dünyada da bu idmanla maraqlananda həmişə bu işin gözəllik tərəfinə də fikir verirlər. Bu baxımdan da uşaq və gənclərimizin müxtəlif performans nümayiş etdirmələri, nəticə ilə yanaşı gözəl güləş də nümayiş etdirmələri təqdirəlayiq haldır. Mən inanıram, ümid edirəm və əminəm ki, bu qələbələrin ardı gələcək”.
Nazim Xeyrxəbərli
