00:00:00
Yazar
Zəhra Həsənova
31.08.2026 22:42 111 2 dəq oxuma
Sosial

Ucuz oyuncaqların uşaqlara təsiri - Uşaqları necə qoruyaq ?

Ucuz oyuncaqların uşaqlara təsiri - Uşaqları necə qoruyaq ?

Bazarlarda ucuz qiymətə satılan və kəskin kimyəvi qoxusu ilə seçilən bəzi oyuncaqlar uşaqlar üçün ciddi təhlükə yarada bilər.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında toksikoloq İsmayıl Əfəndiyev bildirib ki, belə oyuncaqlardan ayrılan uçucu üzvi birləşmələr və həlledici qalıqları gözlərdə yanma, burun və boğazda qıcıqlanma, öskürək, baş ağrısı, ürəkbulanma və başgicəllənmə yarada bilər:

 

“Astma və allergik xəstəlikləri olan uşaqlarda əlamətlər daha ifadəli ola bilər. Oyuncağın boyası, rezini, yapışqanı və plastik hissələri ilə təmas nəticəsində dəridə qızartı, qaşınma, səpki və kontakt dermatit inkişaf edə bilər. Burada hər reaksiyanı allergiya adlandırmaq düzgün deyil: əlamətlərin bir hissəsi immunoloji allergiya deyil, kimyəvi qıcıqlanma nəticəsində yaranır. Nəzarətsiz istehsal olunan oyuncaqlarda nəzəri olaraq formaldehid, allergen ətirvericilər, polisiklik aromatik karbohidrogenlər, qurğuşun, kadmium və digər arzuolunmaz maddələr normadan artıq ola bilər. Təhlükənin səviyyəsi konkret maddədən, onun miqdarından, uşağın yaşından və təmas müddətindən asılıdır. Kiçik uşaqlar oyuncaqları ağızlarına apardıqları və əllərini tez-tez ağızlarına toxundurduqları üçün kimyəvi maddələr orqanizmə yalnız tənəffüslə deyil, ağız və dəri vasitəsilə də daxil ola bilər”.

 

Müsahibin sözlərinə görə, kəskin və davamlı kimyəvi qoxu oyuncağın tərkibindən uçucu maddələrin ayrıldığını göstərə bilər və bu, ciddi xəbərdarlıq əlamətidir:

 

“Belə qoxu keyfiyyətsiz xammal, boya və yapışqanlardan, istehsal prosesinin düzgün tamamlanmamasından və ya məhsulun lazımi qədər havalandırılmadan qablaşdırılmasından qaynaqlana bilər. Qoxuya əsasən konkret maddəni və onun təhlükəlilik dərəcəsini müəyyən etmək mümkün deyil. Bəzi maddələr zərərli həddə çatmamış hiss edilə bilər, bəzi təhlükəli maddələr isə ümumiyyətlə qoxusuzdur. Uçucu maddələr göz, dəri və tənəffüs yollarında qıcıqlanma, baş ağrısı və ürəkbulanma yarada bilər. Oyuncağı yumaq və ya bir neçə gün havalandırmaq qoxunu azalda bilər, lakin bu, məhsulun təhlükəsiz olduğunu sübut etmir”.

 

Toksikoloqun sözlərinə görə, boya və örtüklərdə ağır metallar, plastikdə məhdudlaşdırılan yumşaldıcılar ola bilər:

 

“Allergen və qıcıqlandırıcı maddələr normadan artıq ola bilər. Xırda hissələrin udulması, boğulma, iti kənarlarla zədələnmə, yanğın və elektrik vurması riski nəzərə alınmamış ola bilər. Azərbaycanda 2026-cı ildə elektrik oyuncaqlarının, oyuncaq örtüklərinin və boyanmış səthlərin təhlükəsizliyinə dair yeni dövlət standartları qəbul edilib. Bu standartlar kimyəvi təhlükəsizliklə yanaşı, texniki və fiziki təhlükəsizlik tələblərini də əhatə edir”.

 

Selcan Xudiyeva

#uşaqlara #oyuncaqların #uşaqları #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər