Uitkoff və Kuşner Ukrayna ilə bağlı növbəti danışıqlarda iştirak etməyəcəklər
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və iş adamı Cared Kuşner Rusiya‑Ukrayna münaqişəsinin həlli üzrə növbəti danışıqlarda iştirak etməyəcəklər.
"İnformator.az" xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio Senatda keçirilən dinləmələrdə bildirib.
O, ABŞ-nin sonrakı danışıqlarda iştirakını istisna etməyib. Rubionun sözlərinə görə, hazırda Moskva və Kiyev arasında razılıq əldə olunmayan yeganə məsələ ərazi iddialarıdır. O, bu mövzunu "çox mürəkkəb" adlandıraraq tərəflərin onun həlli üzərində çalışdıqlarını qeyd edib.
Qeyd edək ki, bu gün Rubio ABŞ və Avropadakı müttəfiqlərinin Ukraynanın təhlükəsizlik zəmanətləri ilə bağlı ümumi razılığa gəldiyini açıqlayıb. Lakin Rusiyanın hələlik bu zəmanətlərə razılıq vermədiyini vurğulayıb.
