Uitkoff və Kuşner yaxın vaxtlarda Moskvaya səfər edəcəklər
Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə amerikalı danışıqlarçılar Stiv Uitkoff və Cared Kuşner yaxın vaxtlarda yenidən Moskvaya səfər edəcəklər.
Bunu Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Tramp arasında baş tutan telefon danışığının nəticələrinə dair açıqlamasında bildirib.
Məsələ ilə bağlı politoloq Yusif Bağırzadə “İnformator.az”a açıqlamasında bildirib ki, Stiv Uitkoff və Cared Kuşner bundan öncə də dəfələrlə Rusiya tərəfi ilə danışıqlarda iştirak ediblər:
“Yaxın Şərqdə vəziyyət, ABŞ-İran arasında qarşıdurma danışıqlarda müəyyən fasilələrə səbəb olmuşdu və görünən odur ki, ABŞ və İran arasında gözlənilən razılşama fonunda tərəflər diplomatik təmasları bərpa etmək qərarına gəliblər. Danışıqlar Rusiyanın marağındadır, çünki bunula rəsmi Moskva müharibəni yalnız hərbi müstəvidə deyil, paralel olaraq siyasi müstəvidə də idarə etdiyini göstərmək imkanı əldə edir. Yəni, Moskva demək istəyir ki, diplomatik kanallar tam bağlanmayıb və biz danışıqlara hazırıq. Bununla Rusiya həm də situasiyanı yumşaltmaq və ya vaxt qazanmaq imkanı əldə edir. Prinsipcə isə indiyə qədər aparılan danışıqlar da göstərir ki, bu cür təmaslarda əsasən kompromis axtarışları ön plana çıxır. Moskva ABŞ-ni hələ də əsas qlobal açar aktor kimi qəbul edir və Ukrayna məsələsində Vaşinqtonun təsir imkanlarını nəzərə alır. Yəni Moskva Ukrayna ilə birbaşa deyil, daha çox ABŞ vasitəsilə nəticə əldə etməyə cəhd edir. Etimad problemi isə bu prosesin ən zəif halqası olaraq qalır. Kiyev ilə Moskva arasında əsas problem razılaşmaların icrasına inamın olmamasıdır. Müharibə şəraitində imzalanan hər hansı sənədin dayanıqlılığı sual altındadır, çünki tərəflər keçmiş təcrübələrə əsaslanaraq qarşı tərəfin öhdəlikləri yerinə yetirməyəcəyini düşünür.Xüsusilə də Ukrayna üçün Rusiya ilə əldə ediləcək hər hansı bir razılşamanın dayanıqlılığı və zəmanətliliyi əsas pripritetdir. Ona görə də Ukrayna tərəfi hər hansı siyasi razılşma üçün ilk növbədə atəşkəs mexanizmlərinin işə salınmasını, beynəlxalq monitorinq mexanizmlərinin tətbiqini və təhlükəsizlik zəmanətlərini ön plana çıxarır. Danışıqlarda Rusiyanın Ukrayna tərəfinin narahatlılıqlarına müsbət yanaşacağı isə sual altındadır. Odur ki, indiki mərhələdə Stiv Uitkoff və Cared Kuşnerin Rusiya tərəfi ilə danışıqları sülhün yaxınlaşdığı anlamına gəlməməlidir, çünki tərəflərin prioritetləri bir-birindən uzaq olaraq qalmaqda davam edir”.
Güllər Gülhüseynova