Ukrayna, ABŞ və Rusiya Əbu-Dabidə ilk üçtərəfli danışıqlara başlayıb
Ukrayna, ABŞ və Rusiya rəsmiləri Ukraynada təxminən dörd ildir davam edən müharibənin həlli ilə bağlı ilk dəfə olaraq Əbu-Dabidə üçtərəfli danışıqlara başlayıblar.
Ukrayna Prezidenti Volodimir Zelenski cümə axşamı Davosda keçirilən Dünya İqtisadi Forumunda ABŞ Prezidenti Donald Trampla görüşündən sonra bildirib ki, danışıqlarda əsas mübahisə mövzusu ərazi məsələsi olacaq.
Tərəflər əsas tələblərindən geri çəkilməyiblər və müharibənin dayandırılması ilə bağlı danışıqların iki günədək davam edə biləcəyi bildirilir. Vaşinqton Kiyevə sülh razılaşmasına nail olunması üçün təzyiqləri artırıb. Zelenski Donbas bölgəsində geniş ərazilərin Rusiyaya verilməsini qəti şəkildə rədd edir. Rusiya Prezidenti Vladimir Putin isə bəyan edib ki, bu baş verməyənədək Rusiya qoşunları döyüşləri dayandırmayacaq.
Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar Moskvada Rusiya Prezidenti Vladimir Putinlə ABŞ-nin yüksək vəzifəli rəsmiləri, xüsusi nümayəndə Stiv Uitkoff və prezidentin baş müşaviri Kuşner arasında baş tutan gecəyarısı görüşündən sonra keçirilir.
Kremlin köməkçisi Yuri Uşakov bildirib ki, təxminən dörd saat davam edən Moskva danışıqları “məzmunca dolğun, konstruktiv və olduqca açıq” keçib. O vurğulayıb ki, ötən il Alyaskada keçirilən Tramp-Putin sammitində gündəmə gələn ərazi mübahisələri həll edilmədən davamlı sülh mümkün deyil.
Uşakov ABŞ tərəfinin Rusiya və Ukrayna arasında Əbu-Dabidə təhlükəsizlik görüşünün təşkilində mühüm rol oynadığını qeyd edib. Onun sözlərinə görə, Vaşinqton bu görüşün uğurlu olacağına və münaqişənin sona çatdırılması, eləcə də sülh razılaşmasının əldə olunması istiqamətində irəliləyişə yol açacağına ümid edir.
ANEWZ
Güllər Gülhüseynova
