Ukrayna Dünya Bankı ilə 3,39 milyard dollarlıq saziş imzalayıb
Ukraynanın Maliyyə Nazirliyi və Dünya Bankı İş yerlərinin inkişafı siyasəti və özəl sektorun böyüməsi üzrə birinci proqram (DPO) çərçivəsində 3,39 milyard dollar məbləğində razılaşmalar paketi imzalayıb.
"İnformator.az" xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko teleqram kanalında bildirib.
"Vəsaitlər Ukraynanın makromaliyyə sabitliyinin dəstəklənməsinə və dövlət büdcəsinin prioritet xərclərinin maliyyələşdirilməsinə yönəldiləcək", - o yazıb.
Sviridenkonun sözlərinə görə, saziş inkişaf siyasətinə 1,04 milyard dollar kredit (bundan 500 milyon dolları Böyük Britaniyanın, daha 540 milyon dolları isə Yaponiyanın zəmanəti ilə təmin edilib); F.O.R.T.I.S. Ukraine FIF fondundan isə 2,35 milyard dollar qrant maliyyələşdirilməsini nəzərdə tutur.
Bundan başqa, Sviridenko Dünya Bankının prezidenti Acay Banqa ilə tərəfdaşlığın növbəti mərhələsini, xüsusən müharibə başa çatdıqdan sonra Ukrayna iqtisadiyyatının necə olacağını müəyyənləşdirməli olan uzunmüddətli strategiya – "Gələcəyin iqtisadiyyatı" konsepsiyası üzərində işi müzakirə edib.
"Prioritetlər arasında həmçinin müasir mənzil siyasəti var. Əlçatan ipotekanın genişləndirilməsi və milyonlarla ukraynalının öz mənzilini əldə edə bilməsi üçün şəraitin yaradılması insanların evə qayıtmasının əsas elementlərindən biridir. Özəlləşdirməyə xüsusi diqqət yetirdik. Biz onun strateji investorları cəlb etməklə və Ukrayna aktivlərini tələsik satmaq əvəzinə dəyərini artırmaqla, mərhələli, şəffaf və dövlət üçün maksimum faydalı olması yanaşmasını bölüşürük", – Sviridenko yazıb.