Ultra-emal olunmuş qidalar yeyərkən sağlam qalmaq mümkündürmü?
Gündəlik alış-veriş zamanı məhsulların tərkibinə diqqət yetirmək bəzən insanı düşündürə bilər. Xüsusilə ultra-emal olunmuş qidalarla bağlı müzakirələrin artması “Bu qidaları yeməklə sağlam qalmaq mümkündürmü?” sualını gündəmə gətirir.
Ultra-emal olunmuş qidaların piylənmə, ürək-damar xəstəlikləri və 2-ci tip diabet kimi bir sıra sağlamlıq problemləri ilə əlaqəli olduğunu göstərən araşdırmalar var. Lakin mütəxəssislər bu təsirlərin yalnız qidanın emal səviyyəsi ilə, yoxsa onun tərkibindəki yağ, şəkər və duz miqdarı ilə bağlı olduğu məsələsində fərqli fikirlər səsləndirirlər.
Britaniyalı dietoloq Maeve Hananın sözlərinə görə, məhsulun tərkibində çoxsaylı inqrediyentlərin olması onu avtomatik olaraq zərərli etmir. Onun fikrincə, əsas diqqət məhsulun ümumi qida dəyərinə və balanslı qidalanmaya yönəldilməlidir.
Dietoloq toyuq naggetslərini də buna nümunə göstərir. Onun sözlərinə görə, naggetslər zülal mənbəyi olsa da, adi toyuq döşü ilə müqayisədə daha çox yağ və duz ehtiva edir. Buna görə belə məhsulların ölçülü şəkildə qəbul edilməsi tövsiyə olunur.
Mütəxəssislər həmçinin uşaqların qidalanmasında valideynlərin qarşılaşdığı çətinliklərə diqqət çəkirlər. İş və gündəlik həyatın intensivliyi səbəbindən hər gün yeməkləri sıfırdan hazırlamaq mümkün olmaya bilər. Bu halda əsas məqsəd mövcud seçimlər arasında daha balanslı qidalanma yaratmaqdır.
Qida alimi professor David Julian McClements isə “ultra-emal olunmuş qida” anlayışının kifayət qədər dəqiq müəyyən edilmədiyini bildirir. Onun fikrincə, qidanın necə emal olunmasından əlavə, məhsulun tərkibindəki yağ, şəkər və duz miqdarı da nəzərə alınmalıdır.
Digər tərəfdən, ultra-emal olunmuş qidaların sağlamlığa təsiri ilə bağlı narahatlıqlar da davam edir. Mütəxəssislər xüsusilə yüksək miqdarda yağ, şəkər və duz ehtiva edən məhsulların etiketlərinin daha aydın olmasının vacibliyini vurğulayırlar.
Nəticədə, dietoloqların yanaşmasına görə, sağlam qidalanma ayrı-ayrı məhsullardan daha çox ümumi qida seçiminin balansından asılıdır. Yəni səbətdə bir neçə ultra-emal olunmuş məhsulun olması mütləq sağlam olmayan qidalanma demək deyil.
Həmidə Cəbrayılova