00:00:00
Yazar
Nərmin Həşimova
20.05.2026 12:00 26 3 dəq oxuma
Sosial

Ümumdünya Şəhərsalma Forumu Azərbaycanda: İqtisadi və sosial dönüş nöqtəsi

WUF, Azərbaycan, imkanlar, beynəlxalq tədbir
Ümumdünya Şəhərsalma Forumu Azərbaycanda: İqtisadi və sosial dönüş nöqtəsi

2026-cı ildə Bakıda keçiriləcək Dünya Şəhərsalma Forumu-WUF13 (World Urban Forum 13) Azərbaycanın beynəlxalq tədbirlər tarixində mühüm mərhələlərdən biri hesab olunur.

 

Mövzu ilə bağlı "İnformator.az" a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, Dünya Urban Forumunun Azərbaycanda keçirilməsi ciddi və mühüm hadisədir:


“Bu tədbir miqyasına görə müəyyən mənada COP29 ilə müqayisə oluna biləcək beynəlxalq platformadır. Təbii ki, bu forum Azərbaycanın və xüsusilə, Bakı şəhərinin tanınmasında mühüm rol oynayacaq və gələcəkdə bunun müsbət təsirlərini görəcəyik. Tədbir zamanı 30 mindən çox qonağın gəlməsi gözlənilir. Bu isə kafelər, restoranlar, hotellər, ictimai iaşə və əyləncə mərkəzləri üçün əlavə gəlir və yeni imkanlar yaradacaq. Eyni zamanda, şəhərin və ölkənin beynəlxalq səviyyədə tanıdılması gələcəkdə daha çox turistin cəlb olunmasına şərait yarada bilər. Forum çərçivəsində müxtəlif layihələrin və müqavilələrin imzalanması da gözlənilir, bu da Azərbaycana yeni investorların və investisiyaların cəlb olunmasına müsbət təsir göstərə bilər”.


Sosioloq Mətanət Məmmədova isə bildirib ki, ötən il COP29 kimi beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi və bu il yenidən WUF13 kimi mühüm tədbirin Azərbaycanda təşkil olunması onu göstərir ki, Azərbaycan artıq dünyada nüfuz sahibi olan ölkələrdən biridir:


“Digər tərəfdən, həm COP29-un, həm də WUF13-ün özünəməxsus qaydaları və keçirilmə meyarları var. Bu cür tədbirlərə hər bir ölkə ev sahibliyi edə bilmir. Elə ölkələr var ki, həmin beynəlxalq tədbirlərin keçirilməsi üçün lazımi şərtlərə cavab vermədiyindən bu tədbirlərin orada təşkili mümkün olmur. Çünki bu qərarları qəbul edən beynəlxalq komissiyalar ölkələrin imkanlarını və standartlara uyğunluğunu ciddi şəkildə qiymətləndirirlər. Beləliklə, iki il ardıcıl olaraq müxtəlif beynəlxalq tədbirlərlərin Azərbaycanda keçirilməsi onu göstərir ki, Azərbaycan dünya standartlarına uyğun inkişaf edir, beynəlxalq qərar və təşəbbüslərlə həmrəylik nümayiş etdirir və müasir tələbləri tətbiq etməyə hazırdır. WUF13 tədbirinin Azərbaycanda keçirilməsinin xüsusi əhəmiyyəti var. Azərbaycan müharibədən yeni çıxan ölkədir və Qarabağda dağıdılan ərazilər mövcuddur. Həmin ərazilərdə həm insanlara, həm də ətraf mühitə ciddi ziyan vurulub. Tədbirin əhəmiyyətli tərəflərindən biri də budur ki, Qarabağda keçiriləcək panel müzakirələri zamanı müxtəlif ölkələrdən gələn nümayəndələr Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi dağıntıların şahidi olacaqlar. Bu, eyni zamanda həmin ərazilərə yeni investisiyaların cəlb olunmasına, sahibkarların maraq göstərməsinə və şəhərsalma, memarlıq, eləcə də ekologiya sahəsində yeni layihələrin hazırlanmasına şərait yarada bilər. Digər tərəfdən, Bakı onsuz da gözəl və müasir şəhərlərdən biridir. Panel iclaslarının keçiriləcəyi Azərbaycanın digər bölgələri də öz təbiəti, yaşıllığı, şəhərsalma xüsusiyyətləri və memarlıq üslubu ilə diqqət çəkir. Ümumiyyətlə, Azərbaycanda şəhərsalma zamanı milli memarlıq ənənələrinin qorunmasına xüsusi önəm verilib və müasirliklə ənənənin harmoniyası yaradılıb. Düşünürəm ki, bu tədbirin Azərbaycan üçün çox böyük və faydalı nəticələri olacaq. Dünyanın müxtəlif ölkələrindən gələcək memarlar, şəhərsalma mütəxəssisləri və ekoloqlar öz təcrübələrini paylaşacaqlar. Bu isə gələcəkdə Azərbaycanda yeni şəhərsalma modellərinin tətbiqinə və ekoloji sistemlərin daha da təkmilləşdirilməsinə töhfə verə bilər".

 

Sosioloq vurğulayıb ki, digər mühüm məsələlərdən biri də könüllülük proqramlarıdır:

 

"WUF13 çərçivəsində həyata keçiriləcək könüllülük proqramları gənclər üçün yeni imkanlar yaradacaq. Könüllü fəaliyyət göstərən şəxslər gələcəkdə işlə təmin olunmaq baxımından daha üstün təcrübə qazanırlar. Bu proqramlar gənclərin həm şəxsi inkişafına, həm də peşəkar bacarıqlarının formalaşmasına müsbət təsir göstərir. Belə böyük beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi insanların düşüncəsində də müsbət dəyişiklik yaradır. Cəmiyyət bunu ölkənin beynəlxalq nüfuzunun göstəricisi kimi qəbul edir. Çünki bu cür tədbirlər hər ölkədə keçirilmir və onların təşkil olunması üçün müəyyən şərtlərə cavab vermək lazımdır. Azərbaycanın bu şərtlərə cavab verməsi və belə nüfuzlu tədbirlərə ev sahibliyi etməsi hər bir vətəndaş üçün qürur mənbəyidir. Biz inanırıq ki, bu tədbir gələcəkdə xüsusilə Qarabağda şəhərsalma, memarlıq və ekologiya sahəsində mühüm yeniliklərə səbəb olacaq və ölkəmizin inkişafına böyük töhfə verəcək”.


Gövhər Mehyəddinova

#dönüş #xəbər #nöqtəsi #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər