UNEC və Manas Universiteti arasında əməkdaşlıq genişlənir
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Qırğızıstan-Türkiyə Manas Universiteti arasında təhsil mübadiləsi və elmi əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni imkanlar yaranıb.
Əməkdaşlıq çərçivəsində Qırğızıstan-Türkiyə Manas Universitetinin dosenti Azamat Maksudunov ötən il “Orhun” mübadilə proqramı vasitəsilə UNEC-in Türk Dünyası İqtisad Fakültəsində bir sıra fənlər üzrə mühazirələr oxuyub.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında təhsil eksperti Vüsət Əzizov bildirib ki, UNEC ilə Manas Universiteti arasında əməkdaşlığın genişləndirilməsi Azərbaycan ali təhsilinin beynəlxalqlaşması baxımından mühüm əhəmiyyət daşıyır.
"UNEC ilə Qırğızıstan-Türkiyə Manas Universiteti arasında əlaqələrin yalnız müəllim mübadiləsi ilə məhdudlaşmayaraq ikili diplom, birgə tədqiqat və akademik mobillik istiqamətində genişləndirilməsi daha böyük nəticələr verə bilər. İkili diplom proqramı tələbələrə təhsil müddətində iki universitetin akademik mühitindən yararlanmaq və müəyyən şərtlərlə hər iki ali məktəbin diplomunu əldə etmək imkanı yaradır. Bu, tələbələrin həm akademik, həm də əmək bazarında imkanlarını genişləndirə bilər".
V.Əzizov hesab edir ki, UNEC və Manas Universiteti arasında belə proqramların yaradılması xüsusilə iqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi, beynəlxalq münasibətlər və digər yaxın istiqamətlər üzrə əhəmiyyətli nəticələr verə bilər.
"Tələbə bir ölkədə əldə etdiyi nəzəri bilikləri digər ölkənin akademik və biznes mühiti ilə müqayisə etmək imkanı qazanır. Eyni zamanda Türkiyə və Mərkəzi Asiya regionunda yeni əlaqələr, təcrübə və karyera imkanları formalaşır. Lakin burada əsas məsələ diplomun sayından çox proqramın keyfiyyətidir. İkili diplom formal xarakter daşımamalı, tədris proqramları uyğunlaşdırılmalı, kreditlərin tanınması, müəllim heyəti, tədris dili və məzunların əmək bazarına çıxışı əvvəlcədən dəqiq müəyyənləşdirilməlidir".
Təhsil eksperti bildirir ki, akademik mobilliyin inkişaf etdirilməsi universitetlərin beynəlxalq təcrübə qazanması və tədris keyfiyyətinin yüksəldilməsi baxımından mühüm mexanizmlərdən biridir.
"Müəllim başqa ölkənin universitetində dərs dedikdə fərqli tədris metodlarını görür, yeni elmi əlaqələr qurur və həmin təcrübəni öz universitetinə gətirir. Tələbələr üçün isə mübadilə proqramları dil, kommunikasiya, adaptasiya, müstəqil düşünmə və beynəlxalq mühitdə işləmək bacarıqlarını inkişaf etdirir. Bu da məzunun əmək bazarında rəqabət qabiliyyətini artırır".
V.Əzizov əlavə edib ki, “Orhun” kimi mübadilə proqramlarından daha geniş istifadə olunması Azərbaycan ali təhsilinin beynəlxalqlaşmasına və universitetlərin beynəlxalq elmi əlaqələrinin gücləndirilməsinə müsbət təsir göstərə bilər.
"Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdə daha yaxşı mövqeyə yüksəlməsi üçün yalnız tədrisin keyfiyyətinin artırılması kifayət deyil. Elmi məhsuldarlıq və beynəlxalq əməkdaşlıq da mühüm göstəricilərdir. UNEC və Manas Universitetinin alimlərinin birgə tədqiqatlar aparması, beynəlxalq jurnallarda ortaq məqalələr dərc etdirməsi və beynəlxalq elmi layihələrdə iştirak etməsi universitetlərin beynəlxalq elmi görünürlüğünü artıra bilər".
Ekspert vurğulayıb ki, əməkdaşlıq çərçivəsində Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələrinin iqtisadi inkişafı, regional inteqrasiya, nəqliyyat dəhlizləri, rəqəmsal iqtisadiyyat, enerji və yaşıl iqtisadiyyat kimi istiqamətlər üzrə birgə tədqiqatların aparılması həm elmi, həm də praktik baxımdan əhəmiyyətlidir.
"Əgər əməkdaşlıq sistemli şəkildə inkişaf etdirilərsə, söhbət sadəcə iki universitet arasında memorandumdan deyil, Azərbaycanla Mərkəzi Asiya arasında davamlı akademik körpünün formalaşmasından gedə bilər. Ən vacib məsələ isə əməkdaşlığın kağız üzərində qalmamasıdır. Tələbə və müəllim mübadiləsinin real həcmi, birgə proqramların sayı, birgə nəşrlər və məzunların nəticələri konkret göstəricilərlə ölçülməlidir".
Aişə Mustafayeva