00:00:00
Yazar
Səadət Əlizadə
05.11.2026 23:02 20 4 dəq oxuma
Sosial

UNEP: Dünya mövcud iqlim şəraitinə uyğunlaşmağa hazır deyil

UNEP: Dünya mövcud iqlim şəraitinə uyğunlaşmağa hazır deyil

BMT-nin Ətraf Mühit Proqramı (UNEP) çərşənbə günü dərc etdiyi hesabatda qeyd edib ki, qlobal istiləşmənin 1,5°C-ni keçəcəyi proqnozlaşdırılsa da, icmaların iqlim dəyişikliyinə uyğunlaşmasına kömək etmək üçün ayrılan maliyyə vəsaiti ehtiyaclardan çox aşağıdır.
 

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında ekoloq Qorxmaz İbrahimli bildirib ki, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) bu hesabatı hər il dərc olunan hesabatlardan biridir. Bu il də yeni məqamlar diqqətə çatdırılıb:

 

"İqlim dəyişikliyi ilə bağlı məsələlər dünyada müəyyən qədər şişirdilir. İqlim dəyişikliklərinin səbəbləri arasında həm antropogen, həm də təbii amillər var. Yer kürəsi formalaşandan bəri iqlim dəyişiklikləri baş verib. Böyük və kiçik buzlaşma dövrləri, istiləşmə, geoloji eralarda yaşanan proseslər – bütün bunlar iqlim dəyişikliklərinin tərkib hissəsidir".

 

 

Əlavə olaraq müsahib bildirib ki, bu gün yaşadığımız Qafqaz, o cümlədən Azərbaycan ərazisi vaxtilə su altında, böyük bir okeanın əhatəsində olub:

 

"Zaman keçdikcə okean geri çəkilib, dağlar yüksəlib. Alp dağlarından Himalay dağlarınadək, Cənub-Şərqi Asiyaya qədər uzanan Alp-Himalay qurşağı yeni dağəmələgəlmə zonasıdır. Bu ərazilərdə zəlzələlərin və yeraltı təkanların tez-tez baş verməsi də həmin geoloji proseslərlə əlaqədardır.

Lakin bizi daha çox narahat edən havanın temperaturunun yüksəlməsi və bunun nəticəsində baş verən proseslərdir. UNEP-in hesabatında da 1,5 dərəcəlik istiləşmə həddinin aşılması məsələsinə toxunulur. Bu həddin keçilməməsi məsələsi xüsusilə son 30-40 ildə gündəmə gətirilib. Təəssüf ki, artıq həmin hədd aşılıb. Bunun nəticəsində buzlaqlar əriməyə, quraqlıqlar baş verməyə başlayıb".

 

Onun sözlərinə görə, iqlim dəyişikliyinə səbəb olan amillərdən biri də insan fəaliyyətidir:

 

 

"Müharibələr, nüvə sınaqları, İkinci Dünya müharibəsində nüvə silahlarından istifadə, sonrakı dövrlərdə keçirilən nüvə sınaqları və digər antropogen fəaliyyətlər ətraf mühitə ciddi təsir göstərir. Müharibələr nəticəsində insanların həlak olması, bir yerdən başqa yerə köç etməsi, sürgünlər və deportasiyalar da müxtəlif ekoloji fəsadlara yol açır. Təəssüf ki, bu hadisələr bizim xalqın da başına gəlib.

İqlim dəyişikliyinin əsas səbəblərindən biri də karbohidrogen ehtiyatlarından istifadə, atmosferdə karbon qazının və metan qazının səviyyəsinin artmasıdır. Bundan başqa, kömür hasilatı və istifadəsi, meşə yanğınları, heyvandarlıq, heyvan mənşəli üzvi maddələrin yanması, ildırım düşməsi və digər amillər də iqlim dəyişikliklərinə təsir göstərir. Dünyada saniyədə 500 min ildırım hadisəsinin baş verdiyi bildirilir və bunların bir çoxu yanğınlara səbəb olur. Beləliklə, atmosfer temperaturunun yüksəlməsinə təsir edən amillər kifayət qədər çoxdur".

 

 

Ekoloq Paris və Kioto konfranslarında da bu məsələlər müzakirə olunduğunu qeyd edir:

 

"Əsas məqsəd qlobal temperatur artımının 1,5 dərəcəni keçməsinin qarşısını almaq idi. Lakin buna nail olmaq mümkün olmadı. Çünki bu prosesə səbəb olan əsas amillərdən biri ağır sənaye ölkələrinin fəaliyyətidir. Çin, Rusiya və bir sıra digər dövlətlər atmosferə böyük həcmdə karbon qazı buraxır, havanın çirklənməsinə səbəb olurlar. Bu ölkələr problemin həllinə kifayət qədər investisiya yatırmayıblar. Nəticədə UNEP-in hesabatında da qeyd olunduğu kimi, iqlim dəyişikliyinə uyğunlaşma üçün ayrılan maliyyə vəsaiti mövcud ehtiyaclardan xeyli azdır.

Bu, müəyyən mənada təbii görünür. Çünki ətraf mühitə zərər vuran dövlətlər təbiətin qorunmasına kifayət qədər diqqət yetirsəydilər, çirklənmənin qarşısını almaq üçün daha çox tədbir görərdilər".

 

Qorxmaz İbrahimli bütün bunların Azərbaycana təsirini də açıqlayıb. O bildiri ki, son dövrlərdə havaların isinməsini hiss edirik:

 

"İqlim dəyişikliyi ilə bağlı müzakirələr də insanların diqqətini bu məsələyə daha çox yönəldib. Hələlik istiləşmənin bütün ağır nəticələrini tam şəkildə görməsək də, Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi, havaların quraq keçməsi və fəsillərin dəyişməsi kimi hallar artıq müşahidə olunur.

Bununla belə, vəziyyət hələ o qədər də faciəvi deyil. Çünki Azərbaycan dövləti hazırda yaşıl enerjiyə üstünlük verməyə başlayıb. Ölkəmizdə atmosferə zərərli maddələr buraxan ağır sənaye müəssisələri nisbətən azdır. Mövcud müəssisələr də yeni texnologiyalardan istifadə etməyə çalışırlar. Bu baxımdan, əsas məsələ Azərbaycanın özünün atmosferə vurduğu zərərdən daha çox qlobal istiləşmənin ölkəmizə təsiridir".

 

Nəticə olaraq bildirib ki, bu təsirləri artıq müşahidə edirik:

 

"Hazırda baş verən El Nino, super El Nino hadisələri, müxtəlif hava cərəyanları, Arktikada və qütb bölgələrində gedən proseslər hava şəraitinə təsir göstərir. Şimaldan, xüsusilə Arktikadan Azərbaycana tez-tez soyuq hava kütlələri daxil olur. Yağıntıların azalması, bəzi dövrlərdə isə normadan artıq olması, mövsümi yağıntıların dəyişməsi də iqlim dəyişikliklərinin nəticələrindəndir. Məsələn, bu il may və iyun aylarında yağıntılar çox oldu. Halbuki əvvəlki illərdə həmin aylarda yağıntı daha az müşahidə edilirdi. Bütün bunlar göstərir ki, Azərbaycan da qlobal iqlim dəyişikliklərindən kənarda qala bilməz. Hesab edirəm ki, iqlim dəyişikliklərinin qarşısını tamamilə almaq mümkün deyil. Lakin onun təsirlərini zəiflətmək və prosesi yavaşlatmaq olar. Bunun üçün ilk növbədə təbiət qorunmalı, yaşıl zonaların məhv edilməsinin qarşısı alınmalı, təbii ehtiyatlardan qənaətlə istifadə edilməli və su ehtiyatları mühafizə olunmalıdır. İqlim dəyişikliyi qlobal prosesdir və onunla mübarizə də beynəlxalq səviyyədə aparılmalıdır".

 

 

Səadət Əlizadə

#iqlim #dünya #şəraitinə #uyğunlaşmağa
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər