Universitet islahatları nələri gətirir?
Son illərdə ali təhsil müəssisələrində islahatlar sürətlə həyata keçirilir. Məqsəd təhsilin keyfiyyətini artırmaq, universitetlərin beynəlxalq reytinqlərdə mövqeyini gücləndirmək və tələbələr üçün daha müasir tədris mühiti yaratmaqdır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında təhsil eksperti Qoşqar Məhərrəmov bildirib ki, universitet islahatları universitetlərin qlobal trendlərə ayaq uydurmasını gətirir, təhsi keyfiyyətinin artırılmasını, tələbələrin mobilləşməsini və onların mübadiləsinin nəticəsini verir:
“Yekun olaraq bütün bu islahatlar müəllimlərin, təhsilin keyfiyyətini artırır, tələbələrin qlobal əmək bazarında özünə daha rahat yer tapmağına şərait yaradır. Bunun da fonunda tələbələr, müəllimlər ingilis dilində resurslardan, elmi resurslardan, saytlardan, simulyasiyalardan istifadə edə bilir. İslahatlar asan formada icra olunmur. Bir çox universitetlərdə bir çox müəllim və tələbələr bu islahatlara müqavimət göstərir. Kredit sisteminə keçid, tələbələrin mobilliyi, qiymətləndirmənin şəffaflaşdırılmasında və s. Bunlar illər uzunu Azərbaycanda baş verən ali təhsil ənənəsindən fərqli idi. Ona görə də bir qisim tələbələrə, müəllimlərə bu sərf etmədi. Bu səbəbdən müəyyən islahatlar müqavimətlə qarşılandı. Amma ümid olunur ki, rektorlar, prorektorlar bu transformasiyanın üzərində möhkəm dayanacaq və tələbələrdə təhsilin keyfiyyətinin artırılması müşahidə olunacaq”.
Məhərrəmovun sözlərinə görə, ali təhsil standartlarını, akkreditasiya qurumları müəyyən edir:
“Akkreditasiya qurumları da həmin tələbləri universitetlərin qarşısına qoyur. Deyir ki, "sən akkreditasiyadan keçmək istəyirsənsə, bu tələblərə cavab verməlisən". Beləcə, universitetlər həmin tələblərə cavab verməyə çalışarkən təhsilin keyfiyyəti, infrastrukturu yüksəlmiş, inkişaf etmiş olur. Ona görə də bu mənada beynəlxalq standartlara cavab vermək universitetlər üçün faydalıdır. Əgər bir universitetdə sadəcə nəzəriyyələr, mühazirələr varsa, artıq nəzəriyyə və mühazirələr youtubeda da var. Yəni universitet dərsə sadəcə qulaq asmaq üçün gəlinən bir yer deyil. Tələbə sadəcə universitetə bunun üçün gəlmir. Əgər orada bir praktika, şəbəkələşmə yoxdursa, qarşılıqlı münasibət və eyni zamanda tələbənin proseslərə toxunması, təcrübəlik, eksperiment, simulyasiya yoxdursa, artıq universitet sadəcə bir kursdur. Ona görə də praktiki məşğələlərin olmağı öyrənməni daha real hala gətirir və bazarın tələbinə uyğunlaşdırır. Yəni əgər universitet tələbələrə öyrənmə prosesini sadəcə mühazirədən ibarət olaraq təşkil edirsə, bu artıq öyrənmə deyil, qalıcı öyrənmə reallaşmır deməkdir. Kadrların gəncləşdirilməsi, fikirlərini, zehinlərini islah etməsi vacibdir. Çünki bütün islahatlara qarşı əvvəlcə zehinlərdə bir reaksiya əmələ gəlir. Əgər universitet müəllimləri zehinlərdəki transformasiyanı, islahatı həyata keçirə bilsələr, o zaman öyrənməyə açıq olacaqlar. Beləcə, islahatlar nəticə verəcək”.
Banu Məmmədova
