Universitetlər yalnız diplom verməklə kifayətlənməməlidir
“Bizim ən böyük problemimiz odur ki, gənclərimiz sadəcə universitet naminə, qəbul olmağı düşünürlər. Qəbul olduqdan sonra, missiyaları sadəcə diplom almaq olur. Bu düşüncədə olan tələbələr 4 il boyunca yalnız diplam üçün oxuyur”.
Bu sözləri İnformator.az-a açıqlamasında millət vəkili Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, hazırda əmək bazarında fərqli proseslər cərəyan edir.
“Bu gün diplomla iş tapmaq çox çətindir. Bizim gənclərimiz maksimum çalışmalıdır ki, universitet təhsili ilə bərabər, ictimai işlərlə məşğul olsunlar, könüllülük layihələrinə qoşularaq, saat hesabı işlərdə çalışıb praktika və aktivliyini artırsınlar.
Gənclər diplom aldıqdan sonra mövcud vakansiyalara baxmayaraq, işə qəbul zamanı xüsusi imtahanlar, sertifikatlar tələb olunduğuna görə, onlar bu üsuldan çəkinir. Ona görə də ixtisaslarından tamamilə fərqli yerlərdə çalışırlar. Azərbaycanın əmək bazarında yalnız yerli təhsil alan gənclərimiz deyil, eyni zamanda təhsilini xaricdə başa vuran gənclərimiz də çalışır. İşə qəbul zamanı da, gənclər arasından daha yaxşı təhsil alanı və praktik bacarığı daha çox olanlar işlə təmin edilir. Bu baxımdan, gənclərimiz bu məsələləri nəzərə alaraq ixtisas seçimində diqqətli olmalı, daha çox tələbat olan ixtisasları seçməlidir. Gənclər oxuduqları ixtisas üzrə, diplom aldıqdan sonra işə girmədən öncə əmək yarmarkaları ilə əlaqə qurub, təcrübə qazanmalıdır. Universitetlər də öz növbəsində, yalnız diplom verməklə kifayətlənməməlidir. Hər bir universitetin özünəməxsus kariyera mərkəzi olmalıdır. Bu kariyera mərkəzi vasitəsilə rəhbərlik, gənclər və iş adamları arasında körpü rolunu oynayaraq, gənclərimizi gələcəyə hazırlamalıdır”.
Həcər Əmiraslanlı
