Uqandada avtobus qəzasında ölənlərin sayı 24-ə yüksəlib
Uqandada məktəb avtobusunun nəhəng daşa çırpılması nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb.
"İnformator.az" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Daha əvvəl 20-si uşaq və biri yetkin olmaqla, 21 nəfərin həlak olduğu bildirilib. Qeyd olunub ki, daha üç məktəbli aldıqları xəsarətlərdən xəstəxanada vəfat edib, 23 zərərçəkənin müalicəsi davam edir.
İbtidai məktəbin onlarla şagird və müəllimini daşıyan avtobus cümə axşamı axşam saatlarında Sipi şəlalələrinə səfərdən şəhərə qayıdarkən qəzaya uğrayıb.
Həlak olanlardan altısının şəxsiyyəti hələ də müəyyən edilməyib, ölən yetkin şəxsin isə məktəbin qurucusu və direktoru olduğu ehtimal edilir.
Uqandanın Təhsil və İdman Nazirliyi cümə günü bu cür hadisələrin hərtərəfli araşdırılması üçün bütün ölkə üzrə məktəb ekskursiyalarının dayandırılması barədə göstəriş verib.