Ürək tutmalarının əsas səbəbləri nədir?
Son zamanlar ürək tutmadan vəfat edənlərin sayında artım müşahidə olunur. Dünyada məşhur və ən çox istinad edilən mənbələrdən biri olan “worldlifeexpectancy”nin məlumatlarına əsasən, ölkəmizdə sözügedən xəstəliklərlə bağlı vəziyyət heç də ürəkaçan deyil. Belə ki, ürək, qan-damar sistemi xəstəliklərindən baş verən ölüm halları səbəbindən, ölkəmiz Tacikistandan sonra ikinci yer tutur.
Ölkəmizin 183 ölkə sırasında reytinq dərəcəsi isə 388.41 olub. Rusiya isə 204.50 reytinq dərəcəsi ilə siyahıda 27-ci yeri tutub. Bununla ürək, qan-damar sistemi xəstəliklərinə görə Azərbaycanla yanaşı ən riskli ölkələrdən biri hesab edilib.(mart,2023 hesabatı)
“Ürək tutmaların əsas səbəblərinə, stresin artması, insanların vaxtında həkimə müraciət etməməsi, anormal həyat tərzi və digər səbəbləri aid edə bilərik”.
Bu sözləri İnformator.az-a açıqlamasında kardioloq İdris Xəlilov söyləyib. Kardioloqun sözlərinə görə, ürək tutma vəziyyətinə özü, yaxud ailə üzvlərində klinuki ölüm anamnezi olan pasiyentlərdə də rast gəlinir.
“Ürəyində ciddi ritm və keçiricilik sisteminin törətdiyi fəsadlar, anadangəlmə və qazanılan ürək qusurları da ürək tutmanın səbəbləri sırasındadır”.
Kardioloq deyir ki, təəssüf ki, tez-tez gənclərin də bu xəstəlikdən vəfat etməsi xəbərlərini eşidirik.
“Əvvəllər informasiyanı sürətlə əldə edə bilmədiyimizə görə, statistikanı apara bilmirdik. İndi isə informasiya sürətlə yayıldığından bu cür xəbərləri tez-tez eşidirik. Səbəblər isə eyni olaraq qalır”.
İdris Xəlilov düşünür ki, insanların koronavirus əleyhinə vaksin təsirindən ürək tutmalarının tez-tez baş verməsini iddia etmələri onların subyektiv düşüncələridir.
"Bu onların sübyektiv fikirləridir. Adətən, qəfləti ürək tutma ölümlərinin rast gəlinmə tezliyi ən çox 30-40 yaş aralığındadır. Kişilərdə qadınlara nisbətən bu hal 2 dəfə çoxdur. Nadir hallarda - ildə hər 100.000 uşağın 1 və ya 2-də rast gəlinir”.
Asiman Hafizqızı
