Uşaq meydançalarında təhlükəli avadanlıqlar: Köhnə və nasaz qurğular azyaşlılar üçün risk yaradır
Uşaq meydançaları azyaşlıların asudə vaxtlarını keçirdiyi əsas məkanlardan biridir. Lakin yaşayış binalarının həyətlərində yerləşən bəzi meydançalardakı köhnə və nasaz avadanlıqlar uşaqların təhlükəsizliyi üçün ciddi risk yarada bilər. Qırıq və paslanmış yelləncəklər, laxlayan konstruksiyalar və texniki baxımdan yararsız sürüşkənlər müxtəlif xəsarətlərə səbəb ola bilər.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında təhlükəsizlik eksperti Orxan Musayev bildirib ki, uşaq meydançalarında köhnəlmiş, paslanmış və texniki baxımdan yararsız avadanlıqlar azyaşlıların sağlamlığı və təhlükəsizliyi üçün ciddi risk yaradır. Xüsusilə qırıq konstruksiyalar, laxlayan zəncirlər və soyulmuş boya qatları müxtəlif xəsarətlərə, zəhərlənmələrə və digər təhlükəli hallara səbəb ola bilər:
“Paslanmış avadanlıqlar birbaşa azyaşlıların sağlamlığına ciddi təhdiddir. Paslı metal qalıqları dərin yaralar açaraq ölümcül tetanus infeksiyalarına yol aça bilər. Yeyilmiş zəncirlər və laxlayan konstruksiyalar uşaqların hündürlükdən yıxılmasına, ağır sınıqlara və kəllə-beyin travmalarına səbəb ola bilir. Soyulmuş köhnə boya qatları isə toksik kimyəvi zəhərlənmə və allergiya riski daşıyır. Uşaq meydançalarının yaşayış binalarının həyətlərində və parklanma zonalarının yaxınlığında yerləşdirilməsi də əlavə təhlükələr yarada bilər. Həyətdə manevr edən sürücülər uşaqları avtomobilin kor zonasında qaldıqları üçün vaxtında görə bilməyə bilərlər. Bu isə ağır qəza riskini artırır. Eyni zamanda, işlənmiş avtomobil qazlarının uşaqların boy səviyyəsində toplanması onların tənəffüs yollarına mənfi təsir göstərə bilər. Sıx parklanma isə bədbəxt hadisə zamanı təcili yardımın əraziyə daxil olmasını çətinləşdirə bilər”.
Orxan Musayev vurğulayır ki, valideynlər bu riskləri minimuma endirmək üçün diqqətli olmalıdırlar. Uşağı meydançaya buraxmazdan əvvəl yelləncək və sürüşkənlərin vəziyyəti vizual olaraq yoxlanılmalıdır:
“Azyaşlılar oyun zamanı fasiləsiz nəzarətdə saxlanılmalıdır. Konstruksiyalara ilişərək boğulma təhlükəsi yaratmaması üçün uşaqlara ipli geyimlərin geyindirilməməsi tövsiyə olunur. Valideynlər, həmçinin tetanus peyvəndlərinin vaxtında vurulmasına diqqət yetirməlidirlər. Standartlara cavab verməyən meydançalar barədə aidiyyəti qurumlara məlumat verilməli, oyun avadanlıqlarına mütəmadi vizual nəzarət həyata keçirilməlidir. Aparılan yoxlamalar sənədləşdirilməli və müvafiq qeydiyyat aparılmalıdır”.
Həmidə Cəbrayılova