Uşaqlar arasında piylənmə sürətlə artır
Uşaqlar arasında piylənmə dünya miqyasında olduğu kimi Azərbaycanda da ciddi sağlamlıq problemlərindən birinə çevrilib. Hərəkətsiz həyat tərzi, yüksək kalorili qidaların istehlakının artması, ekran qarşısında keçirilən vaxtın çoxalması və qeyri-sağlam qidalanma vərdişləri bu problemin əsas səbəbləri hesab olunur.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında professor Adil Qeybulla bildirib ki, orqanizmdə artıq çəkinin yaranmasının müxtəlif səbəbləri var:
“Bu səbəblərin bir qismi irsi-genetik faktorlar və xəstəliklərlə bağlıdır. Belə hallarda hormonal müalicələr tətbiq olunur və orqanizmin hormonal balansına müdaxilə edilir.
Digər əsas səbəb isə həyat tərzi ilə bağlıdır. Müasir dövrdə həddindən artıq qida qəbulu, az hərəkətlilik və oturaq həyat tərzi artıq çəkinin yaranmasına səbəb olur. Yəni orqanizmə daxil olan kalori ilə sərf olunan kalori arasında disbalans yaranır. Nəticədə qəbul edilən qidanın bir hissəsi piyə çevrilərək bədəndə toplanır və artıq çəki problemi meydana çıxır.
Bundan əlavə, həddindən artıq qida qəbulu mədənin tədricən genişlənməsinə, doyma hissinin zəifləməsinə səbəb olur. Mədədən onikibarmaq bağırsağa qida maddələrinin keçidi və bağırsaqlardan sorulması sürətlənir. Nəticədə insulin dirənci və digər metabolik problemlər yarana bilər.
Buna görə də uşaqları kiçik yaşlardan aktiv həyat tərzinə alışdırmaq vacibdir. Orta məktəblərdə bu məsələyə xüsusi diqqət yetirilməlidir. Dərslər arasında uşaqlara müəllim nəzarəti altında müəyyən vaxt ayrılmalı, onların proqramlaşdırılmış idman və fiziki fəaliyyətlə məşğul olmaları təmin edilməlidir. Bir çox xarici ölkələrdə bu təcrübə uğurla tətbiq olunur.
Uşaqlara fiziki aktivliyin və idmanın sağlam həyat üçün əhəmiyyəti aşılanmalıdır. Bundan əlavə, dövlət proqramları çərçivəsində məktəblərdə müntəzəm idman fəaliyyətləri təşkil edilməlidir.
Təəssüf ki, hazırda bu istiqamətdə kifayət qədər iş görülmür. Mövcud vəziyyətin əsas səbəblərindən biri də məhz budur”.
Səadət Əlizadə