00:00:00
Yazar
Nərmin Həşimova
07.10.2026 21:22 35 2 dəq oxuma
Sosial

Uşaqlar və yeniyetmələrdə telefon asılılığı: təsiri və səbəbləri

Uşaqlar və yeniyetmələrdə telefon asılılığı: təsiri və səbəbləri

Müasir dövrdə uşaq və yeniyetmələrin telefon,planşet və kompüter qarşısında keçirdiyi vaxt asılılığa çevrilib. Nəzarətsiz ekran istifadəsi onların fiziki sağlamlığına, yuxu rejiminə və psixoloji inkişafına mənfi təsir edir. Nəticədə diqqətsizlik, sosial təcridolma və təhsildən yayınma kimi hallarla qarşılaşırıq.


Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında psixoloq Nabat Mirzəyeva bildirib ki, əsas məsələ bu istifadənin uşağın həyatına necə təsir etməsindən asılıdır:


 "Uşaq və yeniyetmələrin telefondan, planşetdən, kompüterdən  istifadə etməsi müasir həyatın bir hissəsi sayılır. Ancaq bunu birbaşa problem hesab etmək doğru deyil. Əgər istifadəsi uşağın dərslərinə, fiziki aktivliyinə, ailə və dost münasibətlərinə, yuxusuna mane olmursa, ekranı kənara istədiyi zamanda qoya bilirsə, bunu sadəcə vərdiş kimi qiymətləndirmək olar. Uşaq əgər nəzarəti itirir, ekran vaxtını azaltmaq mümkün olmur, həddən artıq gərginləşir, gecələr gizli şəkildə istifadə edir, dərslərdən uzaqlaşır, yuxu rejimində pozulmalar baş verirsə, bu artıq problemin yaranmasına gətirir çıxarır. Əgər həddən artıq telefondan istifadə edirsə, misal olaraq daimi sürətli videolara baxırsa, uşaqda istər-istəməz fasiləsiz stimul axtarmasına səbəb ola bilər. Əsas səbəblərdən biri ekranın uşağa sürətli və asan mükafat verməsidir. Bundan başqa uşaq bəzən ekrana darıxmaqdan, təklikdən, stresdən və ailədə gərginlikdən qaçmaq üçün də yönələ bilər. Ona görə ekranı uşağın əlindən almaqla yanaşı, uşaq niyə ekrana bu qədər ehtiyac duyur sualına cavab vermək, axtarmaq daha önəmlidir. Burada ən böyük səhvlərdən biri ekranı birdən-birə, icazəsiz şəkildə, tamamilə almaqdır. Uşaq əgər ekrandan emosional olaraq asılıdırsa, bu gündən telefon yoxdur sözünü demək doğru bir yanaşma olmaz. Əgər ekran uşağın əsas əyləncə, sosiallaşma və sakitləşmə vasitəsidirsə, onu götürərkən artıq yaranan boşluğu nə ilə dolduracağını əvvəlcədən düşünmək lazımdır. Valideyn özü gün ərzində daima telefondan istifadə edirsə sözsüz ki, uşağa "bəsdir, telefonu kənara qoy",-demək təsirli olmayacaq. Kəskin qadağa əvəzinə aydın izah olunmalıdır. Əvvəlcədən razılaşdırılmış ardıcıl qaydalar daha məqsədəuyğun hesab olunur. Məsələn,ekran üçün müntəzəm vaxtın təyin olunması kimi qaydalar qoyulmalı və izah olunmalıdır".


Səkinə Musayeva

#təsiri #yeniyetmələrdə #xəbər #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər