00:00:00
Yazar
Admin User
06.02.2026 18:05 47 3 dəq oxuma
Sosial

Uşaqlara aşırı qayğı onların həyatını qaralda bilər

Uşaqlara aşırı qayğı onların həyatını qaralda bilər

Həyatda ən dəyərli varlığımız övladlarımızdır. Onların əziyyət çəkməməsi üçün hər şeyi edirik, gələcəklərini qurmağa, tam qayğısız böyümələrinə çalışırıq. Lakin bu cür aşırı həssas davranışlarımız onların həyatını daha da çətinləşdirə bilər.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında uşaq psixoloqu Aygül Məlikova bildirib ki, valideynlər çox vaxt övladlarını qoruyarkən onlara yaxşılıq etdiklərini düşünürlər. Halbuki bu, bəzən ən böyük yanlışlardan birinə çevrilir:

 

"Uşaqlara qarşı həddindən artıq həssas və qoruyucu davranışlar onların şəxsi inkişafına mane olur və müstəqil formalaşmasına imkan vermir. Bu cür yanaşma uşaqların normal inkişaf etməsinə, sərbəst emosional və düşüncə bacarıqları formalaşdırmasına əngəl yaradır. Şübhəsiz ki, övladlarımız həyatımızın ən dəyərli varlığıdır. Onları qorumaq və gələcəyini düşünmək valideynlik borcumuzdur. Ancaq bu, onların həyatını tam nəzarət altına almaq və müstəqil qərar vermə imkanlarını əllərindən almaq demək deyil.

 

Uşağa həddindən artıq kömək etmək onun mən bacara bilərəm hissini zəiflədir. Belə uşaqlar qərar verməkdə çətinlik çəkir, özlərinə güvənmirlər, məsuliyyətdən qaçırlar və sosial mühitdə passiv davranırlar. Çünki onlara daim sən bacarmırsan mesajı ötürülür. Nəticədə isə təkbaşına qərar vermək qabiliyyəti formalaşmır.

 

Valideynlər çox vaxt övladlarını qoruyarkən onlara yaxşılıq etdiklərini düşünürlər. Halbuki bu, bəzən ən böyük yanlışlardan birinə çevrilir. Ən çox rast gəlinən hallar isə uşağın hər problemini valideynin həll etməsi, məktəbə, dost seçiminə, sosial münasibətlərə həddindən artıq müdaxilə etməsidir. “Onu etmə, bunu et”, “belə etsən daha yaxşı olar” kimi yanaşmalar uşağın öz təcrübəsini formalaşdırmasına mane olur.

 

Kiçik risklərə belə imkan verilməməsi  “yıxılarsan”, “yorularsan”, “etmə” kimi xəbərdarlıqlar uşağın təşəbbüskarlığını azaldır. Uşağın yerinə danışmaq onun duyğularını ifadə etməsinə mane olur və nəticədə uşaq nə hiss etdiyini, nə düşündüyünü dərk etməkdə çətinlik çəkir. Daimi nəzarət isə emosional inkişafın, daxili balansın və sağlam münasibətlərin formalaşmasına imkan vermir.

 

Stres və çətinliklərlə sağlam şəkildə üzləşməyi uşaq vaxtından öyrənmək vacibdir. Terapiya seanslarında da bu cür uşaqların çətinliklərlə başa çıxmaqda ciddi problemlər yaşadığı müşahidə olunur. Valideynin rolu çətinliyi aradan qaldırmaq deyil, uşaqda çətinliklə baş etmə bacarığını formalaşdırmaqdır. Bunun üçün əsas məqsəd problemi həll etmək yox, uşağı gücləndirməkdir.

 

“Sən bunu necə həll edə bilərsən?” sualını vermək, lazım gəldikdə uşağı problemin içinə buraxmaq və çıxış yolu tapmasına dəstək olmaq vacibdir. Hətta uşağın yeməyini özü yeməsi belə onun beynində problem həll etmə mexanizmlərini inkişaf etdirir.

 

Uşağın duyğularını adlandırmaq da mühüm addımdır. “Görürəm ki, əsəbləşmisən”, “Bu sənin xoşuna gəlmədi” kimi ifadələr uşağın emosiyalarını tanımasına kömək edir. Kiçik məsuliyyətlər vermək, uğurlarını görmək və gücləndirmək özünəinamı artırır. Stresdən tam qorumaq mümkün deyil, çünki həyatın hər mərhələsində stres qaçılmazdır.

 

Bu səbəbdən, nəzarət yox, müşahidə yanaşması seçilməlidir. Uşağın fikrinə hörmət edilməli, onun da söz haqqı olmalıdır. Düşüncələri dinlənməli, eyni zamanda bu fikirlərin nə dərəcədə sağlam olduğu müzakirə edilməlidir. Yaşına uyğun sərhədlər qoymaq, seçim imkanı vermək mümkündür. Məsələn, iki təhlükəsiz variant təqdim edilir və uşaq bu variantlar arasında seçim edir.

 

Səhv etməyə icazə vermək lazımdır. Çünki səhv etmək inkişafın ayrılmaz hissəsidir. Uşaq ya uğur qazanır, ya da həmin davranışdan nəsə öyrənir. Mövzu uşaqla bağlıdırsa, qərarların da uşaqla birlikdə verilməsi ən sağlam yanaşmadır".

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər