Uşaqlarda müstəqillik doğulduğu gündən başlamalıdır
"Azərbaycan ailələrində mental qaydaların üstünlüyü, eyni zamanda valideynin övladını hələ də kiçik hesab edib, hər şeyi onun yerinə etməsi bizim uşaqları digər ölkə uşaqlarına nisbətən müstəqillikdən geri qoyub".
Bu sözləri informator.az-a ailə və uşaq psixoloqu Aynur İsmayılova deyib. Onun sözlərinə görə Azərbaycan ailələri uşaqlara az məsuliyyət verirlər:
"Balaca uşaqdan adını soruşanda, bu sualı onun yerinə valideyni cavablayır. Bu, ümumilikdə bir uşağa "sən adını deməyi belə bacarmırsan" mesajını ötürür. Bizim valideynlərimiz uşaqların kiçik məsuliyyətlərini belə öz üzərinə götürərək onları özündən asılı vəziyyətə salır. Məsələn, uşağın ayaqqabısının bağını bağlamaq, məktəb çantasını daşımaq, məktəbli uşağı hələ də özü yedizdirmək və s. Bunlar hamısı uşaqları müstəqil həyatdan çəkindirir. Amma valideynlər övladlarını müstəqil böyütməlidir ki, gələcəkdə uşaq özü öz qərarlarını valideyn yanında olmasa belə sərbəst şəkildə verə bilsin".
Psixoloq uşaqlara kiçik yaşlardan sərbəstliyin aşılanmasından da danışıb: "Bir uşağa müstəqillik verməyin ən gözəl yolu hətta 6 aylığından başlayaraq ona bir parça çörək verməkdir. Yəni sən bu çörəklə davranmaqla azadsan, müstəqilsən".
Aynur İsmayılova həmçinin valideynlərin etməli və etməməli olduğu bir sıra davranışlardan da bəhs edib: "Biz övladlarımızı müstəqil həyata hazırlamaq üçün ilk öncə sən hər zaman bizim yanımızda olacaqsan nüansı ilə yanaşmamalıyıq. Çünki o uşaq böyüyəcək, bağçaya, məktəbə, universitətə, işə gedəcək və biz tamamilə onun yanında olmayacağıq. Uşaqlara səhv etməyi və səhvdən nəticə çıxarmağı öyrətməliyik, bunların hamısının normal olduğunu başa salmalıyıq. Valideynləri çox mühafizəkar olan uşaqlar yeniyətməlik dövründə böyük bir depressiya yaşayırlar, çünki digər insanların əldə etdiyi uğurları, bacarıqlarını onlar əldə edə bilmir".
Nigar Xəlilzadə
