Uşaqlarda şirniyyat asılılığı ciddi fəsadlar yaradır
Uşaqların sevdiyi şirniyyatlar bəzən görünməyən təhlükəyə çevrilir. Rəngli qablaşdırma, şirin dad və tez əldə olunan enerji uşaqlarda şəkərə qarşı güclü istək yaradır.
Mövzu ilə bağlı qida eksperti Asim Vəliyev bildirib ki, uşaqlar üçün gündəlik şəkər norması tam hamıya eyni olmasa da, istiqamət verən tövsiyələr var:
“Ümumdünya Səhiyyə Təşkilatı uşaqlar və böyüklər üçün azad şəkərlərin, yəni qidaya sonradan əlavə olunan şəkər, bal, sirop və meyvə şirəsi, konsentratındakı şəkərin gündəlik enerjinin 10%-dən az olmasını tövsiyə edir. Daha yaxşısı 5%-dən də aşağı saxlamaqdır. Praktik dildə bu çox vaxt təxminən 25 qram, yəni 6 çay qaşığı şəkər deməkdir. Valideynlərimizin diqqət edəcəyi əsas məqam odur ki, bu limit konfetə görə yox, gün ərzində toplanan bütün şəkərə görə hesablansın. Məsələn, gün ərzində qəbul edilən uşaq yoğurdu, bir paket şirə və bir-iki peçenya ayrı-ayrılıqda kiçik görünə bilər. Amma birlikdə günlük limiti aşa bilər.
Uşaq üçün ifadəsi çox vaxt marketinq metodur kimi istifadə olunur. Bu məhsulun avtomatik sağlam olması demək deyil. Ona görə valideyn üçün ən düzgün yol reklama yox, etiketə baxmaqdır. Birinci baxılacaq yer tərkib siyahısıdır. Şəkər təkcə “şəkər” adı ilə yazılmır. Qlükoza-fruktoza siropu, invert sirop, maltodekstrin, müxtəlif “sirop”lar da eyni məntiqə xidmət edir. Əgər bu tip maddələr tərkibin ilk sıralarında görünürsə, deməli məhsul “uşaq üçün” olsa da, şirniyyat kateqoriyasına yaxındır.
İkinci vacib yer qidalanma cədvəlidir. Müqayisəni porsiya ilə yox, “100 qramda 100 ml-də şəkər” göstəricisi ilə etmək daha doğrudur. Çünki porsiya bəzən çox kiçik göstərilir. Bu hal şəkərin az olduğu təəssüratı yaradır, xüsusən, uşaq yoğurtları, səhər yeməyi dənliləri, batonlar, şirin içkilər və meyvəli qəlyanaltılarda bu çox rast gəlinir”.
Əlavə olaraq ekspert bildirib ki,
üçüncü məqam isə sağlamlıq iddialarıdır:
“”Vitaminlidir”, “enerji verir”, “meyvəlidir” kimi sözlər şəkərin az olmasına zəmanət deyil. Məhsulun içində vitamin ola bilər, amma eyni zamanda şəkər də yüksək ola bilər.
Asılılığı valideynlər çox vaxt təkcə “uşaq şirniyyatı sevir” kimi görür. Amma burada vərdiş faktoru da böyük rol oynayır. Şirin dad uşaqda tez həzz hissi yaradır, bu təbii haldır. Problem o vaxt böyüyür ki, şirniyyat hər gün mükafat, sakitləşdirmə, sevindirmə alətinə çevrilir. Bu zaman uşaq təkcə dadı yox, həmin situasiyanı da şirinlə bağlamağa başlayır.
Burada əsas yanaşma qadağa dili deyil. Daha real həll şirniyyatı hər gün edilən seçim olaraq yox, bəzən olan seçim etməkdir. Valideyn etiket oxumağı vərdişə çevirəndə və evdə şəkərin gündəlik yığılmasını gördükcə, seçimlər də daha rahat tənzimlənir”.
Mövzu ilə bağlı psixoloq Nabat Mirzəyeva da fikirlərini bizimlə bölüşüb. O bildirib ki, psixoloji bağlılığın formalaşmasının bir neçə səbəbi var:
“Uşaqlıq dövründə valideynlər övladlarına tez-tez “özünü yaxşı aparsan sənə şirniyyat alaram”, “ağlamasan konfet verəcəyəm” kimi ifadələr işlətdikdə, uşaqlarda belə bir mexanizm formalaşır, şirniyyat = xoşbəxtlik. Nəticədə, özlərini kefsiz, yorğun və ya gərgin hiss etdikləri zaman şirniyyata yönəlirlər.
Bundan əlavə, şirniyyat qəbulu müvəqqəti olaraq dopamin ifrazını artırır. Bu xoş hiss tez-tez təkrarlandıqca uşaqlarda şirniyyata qarşı istək yaranır. Lakin bu təsir qısamüddətli olduğu üçün tez bezmə, gərginlik və yenidən şirniyyat yemə ehtiyacı ortaya çıxır. Yəni, yorulmamaq və özünü yaxşı hiss etmək üçün şirniyyata ehtiyac duyulduğu düşünülür”.
Əlavə olaraq bildirilib ki, əgər valideynlər hər yeməkdən sonra şirniyyat verərsə, bu zaman bu davranış vərdişə çevrilir və asılılıq formalaşır:
“Şirniyyat qəbul edilmədikdə isə “günüm tamamlanmayıb” düşüncəsi yaranmağa başlayır. Bundan başqa, valideynlərin özlərinin də şirniyyata meyilli olması övladlarda bu davranışın təkrarlanmasına səbəb ola bilər.
Bu asılılığı aradan qaldırmaq üçün şirniyyatı alternativ məşğuliyyətlərlə əvəz etmək mümkündür. Məsələn, övladla keyfiyyətli vaxt keçirmək, birlikdə oyun oynamaq, gəzintiyə çıxmaq, yemək zamanı televizor və telefondan uzaq olmaq kimi fəaliyyətlər çox faydalıdır.
Əgər övladımızın sıxıldığını,darıxdığını müşahidə ediriksə, ona izah etməliyik ki, özümüzü yaxşı hiss etməyimiz üçün daima şirniyyata yönəlməyək, duyğularımıza baxaq. “Gəl, bir az gəzək”, “birlikdə oyun oynayaq” kimi təkliflərlə diqqəti başqa istiqamətə yönəltmək asılılığın azalmasına kömək edə bilər.
Övlad şirniyyat istədikdə isə əvvəlcə bunun səbəbini dəqiqləşdirməliyik doğrudan da acdır, yoxsa sadəcə darıxır? Bu fərqi anladıqdan sonra uyğun addım atmaq vacibdir. Tamamilə şirniyyatdan məhrum etmək doğru yanaşma deyil. Meyvə quruları, şəkərsiz desertlər kimi daha sağlam alternativlərdən istifadə edilə bilər. Əgər artıq asılılıq formalaşıbsa, şirniyyatı mərhələli şəkildə daha sağlam seçimlərlə əvəz etmək mümkündür.
Nəticə olaraq, hər bir vəziyyəti düzgün və anlayışlı yanaşma ilə idarə etmək mümkündür”.
Səadət Əlizadə
