Uşaqlarda və yeniyetmələrdə aqressiya halları artır
Son illər uşaqlar və yeniyetmələr arasında aqressiv davranış hallarının artması cəmiyyətdə narahatlıq doğurur. Mütəxəssislər bildirir ki, bu cür davranışların arxasında həm psixoloji, həm də sosial amillər dayanır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında klinik psixoloq Gülşən Rüstəmova bildirib ki, ümumiyyətlə, son zamanlarda aqressiya hallarının artdığını düşünmür:
"Düşünürəm ki, biz aqressiyalarımızı boğmamağı düşündüyümüz və bu mövzu ilə bağlı məlumatlar ətrafda daha çox səsləndiyi üçün insanlarda təşviş yaranır. Çünki informasiyaları düzgün çatdırmayan mənbələr də var. Xüsusən son zamanlarda dəqiq bəlli olmayan ixtisaslardan çıxış edən insanlar var ki, onların həqiqi ixtisası bilinmir, təhsil diplomu yoxdur. Onlar müxtəlif çıxışlar edərək insanlara fərqli göstərişlər və çağırışlar edirlər. Bunun nəticəsində insanlar düşünürlər ki, bütün aqressiyalarını çölə vurmalıdırlar.
Əvvəla, insanlara bunu deyə bilərəm ki, özünüzə mütəxəssis seçən zaman ən azı iki dəfə düşünün. Onun təhsili, təcrübəsi və gördüyü işlərlə maraqlanın ki, həmin burulğana düşməyəsiniz, o çağırışların tələsinə düşməyəsiniz. Biz düşünürük ki, aqressiyamızı çölə göstərdikcə möhtəşəmliyimiz vurğulanacaq və guya, öz sərhədlərimizi çəkə biləcəyik. Qətiyyən belə deyil. Bir mütəxəssis olaraq deyə bilərəm ki, sərhəd çəkmək heç də həmişə aqressiyanı göstərmək demək deyil. Əsas məsələ aqressiyanı doğru yerdə, doğru istiqamətdə və doğru formada ifadə etməkdir, emosiyaları içəri atmamaqdır.
Övlad dünyaya ailədə gəlir, başlanğıcını ailədən götürür. Ailənin hər bir insanın həyatında rolu danılmaz və böyükdür. İnsanlar dünyaya ailə prizmasından baxırlar, yəni uşaq ətrafa valideyninin gözü ilə baxır. Əgər doğru separasiya yoxdursa, adekvat sürətdə mənəvi, fiziki və maddi cəhətdən övlad valideyndən ayrılmayıbsa, bir ömür boyu, 70 yaşı olsa belə, həyata valideyninin pəncərəsindən baxacaq. Ona görə də, valideynlərin qulaqlarında bir səs olmalıdır ki, mənim dediyim yol etdiyim hərəkətlərdir, getdiyim yollar, çıxışlarım, seçimlərim övladımın həyatına təsir göstərir və ona sanki bir proqram aşılayır. Valideyn olmağın məsuliyyəti məhz buradan başlayır.
Bu gün əksər uşaqlar və gənclər özləri psixoloqa müraciət etməyə can atırlar və demək olar ki, valideynlərini buna məcbur edirlər. Son zamanlar valideynlər bu məsələyə daha adekvat yanaşırlar. Əvvəllər onları buna razı salmaq daha çətin idi. Bu gün mütəxəssislə danışan uşaq həyatındakı çətinlikləri, anlaşılmazlıqları, hormonal disbalansı, yaşının gətirdiyi düşüncələri və ətrafının ona yaşatdığı duyğuları mütəxəssislə sistemləşdirməyə çalışsa, hər bir insan öz həyatını öz əlləri ilə gözəlləşdirə bilər və sağlam düşüncədən çıxış edərək sağlam həyat sürər".
Mövzu ilə bağlı valideyn Səma Mustafayeva bildirib ki, valideynin davranışı uşağın psixologiyasına böyük təsir edir:
"Uşaq sərt, tənqidi və ya həddindən artıq tələbkar mühitdə böyüdükdə tez əsəbiləşə və aqressiv reaksiya verə bilər. Eyni zamanda valideynin uşağın hisslərini dinləməsi, ona anlayış göstərməsi və müsbət nümunə olması çox vacibdir. Uşağa duyğularını ifadə etməyə icazə vermək, problemli vəziyyətlərdə onu sakitləşdirmək və alternativ davranış yollarını öyrətmək aqressiyanın qarşısını almağa kömək edir. Mən çalışıram ki, uşağımın duyğularını dinləyim, əsəbiləşdiyi zaman onu bağırmaqla yox, sakit söhbətlə yönləndirim və narahat olduqda danışa biləcəyimiz bir mühit yaradam".
Mövzu ilə bağlı danışan məktəbli Sahil Mustafayev bildirib ki, onu bəzən qardaşının oyuncaqlarını götürməsi, dostlarının sözünü dinləməməsi və ya məktəbdə haqsızlıq edilməsi əsəbiləşdirir:
"Belə hallarda ürəyimdə qəzəb hissi olur, bəzən isə üzülürəm. Bu hissləri adətən anamla bölüşürəm. O mənə sakitləşməyi öyrədir, nəfəsalma üsulları göstərir və nə üçün belə hiss etdiyimi anlamağa çalışır. Bəzən də dostlarımla danışaraq oyuncaqlarımı paylaşmaq və ya vəziyyəti izah etmək kimi yolları sınayıram. Beləliklə, əsəbiləşdiyim zaman onu idarə etməyi və sakit qalmağı öyrənirəm".
Aişə Mustafayeva
