Uşaqlarda yüksək hərarət çoxalmağa başlayıb
Son zamanlar uşaqlar arasında yalnız qızdırma və ümumi halsızlıqla özünü göstərən yeni bir xəstəlik yayılıb. Bir çox valideyn bu vəziyyəti qriplə səhv salır. Lakin həkimlər bildirirlər ki, xəstəliyin qriplə heç bir əlaqəsi yoxdur və fərqli mənşəyə malikdir.
Mövzu ilə bağlı Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti Aydın Əliyev "İnformator.az"a olan açıqlamasında bildirib ki,halsızlıq, temperaturun qalxması, bəzən qan azlığı, yorğunluq,demək olar ki, virusların çoxunda bu hallar ortaya çıxır:
"Son dövrlərin əsas suallarıdır bu suallar. Səbəblər də çoxdur, viruslar da. Mətbuatda həkimlər tez-tez öz fikirlərini bildirirlər: filan virus, filan virus, filan viruslar. Bu viruslar dayanmır. Bir virusun əleyhinə dərman verirsən, başqa virus ortaya çıxır. Viruslar dəyişkəndir, yəni istənilən şəraitdə dəyişirlər. Halsızlıq, temperaturun qalxması, bəzən qan azlığı, yorğunluq ,demək olar ki, virusların çoxunda bu hallar ortaya çıxır. Daxili orqanlarda qusmalar, iştahsızlıq, ishal da virusların çoxunda müşahidə olunur.Bu viruslara qarşı bəzən qızdırma yaranır, temperatur yüksəlir, insanlar sağalır. Amma bir məsələ var: viruslar insan orqanizminə zərbə vurur, maddələr mübadiləsi pozulur və digər təsirlər qalır. Ona görə də ən yaxşı üsul, xüsusən uşaqlar üçün, onların bədəninin immun sistemini gücləndirməkdir.
Bunu etmək üçün düzgün qidalanmaq, kifayət qədər su içmək, göy-göyərti və digər faydalı məhsulları yemək vacibdir. Bu qidalar orqanizmə lazımi maddələr verir və həzm sistemini dəstəkləyir. Əlavə olaraq, uşaqları telefonu və texnologiyanın lazımsız təsirlərindən uzaq tutmaq vacibdir. Onların baxdıqları lazımsız məzmunu bloklamaq, onların diqqətini düzgün fəaliyyətlərə yönəltmək lazımdır. Bütün bunlar bədənin və immun sistemin sağlamlığı üçün vacibdir".
Eyni zamanda Aydın Əliyev həyat şəraitini düzgün qurmağın vacibliyini vurğulayıb:
"Təbii ki, ev şəraitində nə etmək lazımdır? Yenə çoxlu maye qəbul etmək, mürəbbə, çaylar qəbul etmək, ayaqları isti saxlamaq, başı müəyyən dərəcədə örtmək və sair. Yəni bu qayğı dörd-beş gün davam etməlidir. Qalan günlər isə, dediyim kimi, həyat şəraitini düzgün qurmağı bacarmaq lazımdır. Antibiotiklər isə qəti surətdə bu virus xəstəliklərində işlədilə bilməz.
Ən əsası odur ki, ciddi əlamətlər varsa, mütləq həkimə müraciət etməlidir. Həkimsiz dərman qəbul etmək qəti surətdə olmaz. Dərmanları yalnız həkimin məsləhəti ilə qəbul etmək lazımdır. Telefon və qəzet vasitəsilə dərman təbliğ etmək də olmaz. Burada vacib məsələ odur ki, virus xəstəliklərində antibiotiklər işlədilə bilməz, qalanı isə bu sahənin həkimi müəyyən etməlidir".

Eslanda Kulieva
