Uşaqların rəqəmsal təhlükəsizliyi - valideyn məsuliyyəti
Sosial şəbəkələrdə uşaqların görüntü və şəxsi həyatının izlənmə və gündəm naminə paylaşılması son illər ciddi müzakirə olunan mövzulardandır. Sosioloq Üzeyir Şəfi “İnformator.az”a açıqlamasında bildirib ki, valideynlik hüququ heç bir halda uşağın mənafeyinə zidd istifadə oluna bilməz.
“Valideynlər başa düşməlidirlər ki, valideynlik hüququ uşağın mənafeyinə zidd ola bilməz. Bu, Ailə Məcəlləsində, ‘İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında’, ‘Media haqqında’, ‘Uşaq hüquqları haqqında’ qanunlarda, eləcə də Cinayət Məcəlləsində öz əksini tapır”.
Sosioloqun sözlərinə görə, uşaqlıq dövründə rəqəmsal mühitdə yaşanan travmalar insanın psixoloji və sosial inkişafına uzunmüddətli təsir göstərə bilər. O vurğulayıb ki, 7–10 yaşlı uşaqların belə bəzi məsələlərdə rəyinin nəzərə alınması onların şəxsiyyət kimi hüquqlarının tanınmasının göstəricisidir.
“Valideynlər məlumatlandırılmalı və maarifləndirilməlidirlər. Çünki uşaqlıq dövründə rəqəmsal mühitdə yaşanan travmalar insanın bütün psixogenetik inkişafı boyunca təsir göstərə bilər. Uşaq da bir şəxsiyyətdir və onun şəxsiyyətinə bu formada müdaxilə yolverilməzdir”.
Üzeyir Şəfi hesab edir ki, sosial şəbəkələrdə valideynlərin davamlı maarifləndirilməsi və qanunvericiliklə bağlı məlumatlandırılması gələcəkdə uşaqların hüquqlarının daha effektiv qorunmasına xidmət edəcək. Onun fikrincə, rəqəmsal təhlükəsizlik artıq ailə tərbiyəsinin ayrılmaz hissəsinə çevrilməlidir.
Süsən Mərdalıqızı