00:00:00
Yazar
Səadət Əlizadə
06.07.2026 16:03 18 2 dəq oxuma
Sosial

Uşaqların sosial şəbəkələrə girişinə yaş məhdudiyyəti tətbiq olunur

 

Uşaqların sosial şəbəkələrə girişinə yaş məhdudiyyəti tətbiq olunur

Milli Məclisdə qəbul edilən qərarlara əsasən, sosial şəbəkələrə giriş zamanı yaş məhdudiyyəti tətbiq olunacaq. 16 yaşına qədər uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək. 16-18 yaş arası yeniyetmələr isə yalnız valideyn nəzarəti altında sosial şəbəkələrə daxil ola biləcəklər.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında İT  mütəxəssisi Elvin Həsənov bildirib ki, əlbətdəki uşaqların sosial şəbəkələrdə müdafiəsinin gücləndirilməsi düzgün istiqamətdə atılan addımdır:

 

“Amma burada vacib olan təkcə yaş məhdudiyyəti tətbiq etmək deyil, həmin məhdudiyyətin necə işləyəcəyidir. Çünki müasir dövrdə texnologiya sürətlə inkişaf edir və istənilən texniki məhdudiyyəti aşmağa çalışan üsullar da yaranır. Hazırda dünyada sosial şəbəkələr yaşın yoxlanılması üçün müxtəlif texnologiyalardan istifadə etməyə başlayıblar. Bunlara şəxsiyyətin rəqəmsal təsdiqi, valideyn razılığı sistemləri və süni intellekt əsaslı yaş analizləri daxildir. Məsələn; bəzi platformalar istifadəçinin davranışını, yazışma üslubunu və hesab aktivliyini analiz edərək göstərilən yaşın reallığa uyğun olub-olmadığını qiymətləndirə bilir. Şübhəli hal aşkar edilərsə, hesabdan əlavə təsdiq tələb olunur. Lakin mən hesab edirəm ki, texnologiya burada yalnız köməkçi rol oynaya bilər. Çünki heç bir sistem yüz faiz dəqiqliklə istifadəçinin yaşını müəyyən edə bilmir. Əgər uşaq valideyninin məlumatlarından istifadə edərək qeydiyyatdan keçirsə və ya başqa texniki üsullara əl atırsa, bunu tamamilə qarşısını almaq çətindir. Digər mühüm məsələ isə uşaqların şəxsi məlumatlarının qorunmasıdır. Yaşı təsdiqləmək adı ilə uşaqların biometrik məlumatlarının, şəxsiyyət sənədlərinin və digər həssas məlumatlarının toplanması gələcəkdə əlavə risklər yarada bilər. Buna görə də platformalar yalnız zəruri məlumatları toplamalı, həmin məlumatları güclü şifrələmə ilə qorumalı və üçüncü tərəflərlə paylaşmamalıdır. Məncə, bu prosesdə valideynlərin rolu texnologiyadan daha vacibdir. Valideyn övladının hansı platformalardan istifadə etdiyini bilməli, məxfilik ayarlarını birlikdə yoxlamalı və uşağa internetdə tanımadığı insanlarla şəxsi məlumat paylaşmamağın səbəbini izah etməlidir. Çünki ən güclü təhlükəsizlik sistemi belə, istifadəçi özü riskli davranırsa, onu tam qoruya bilməz”.

 

Səadət Əlizadə

#şəbəkələrə #baki #tətbiq #məhdudiyyəti #uşaqların
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər