Uşaqların telefon asılılığı: Valideynlərin əsas səhvləri
Smartfon və planşetlər uşaqların gündəlik həyatında getdikcə daha çox yer tutur. Xüsusilə uzun müddət telefondan istifadə uşaqların yuxu rejiminə, fiziki aktivliyinə və sosial münasibətlərinə təsir göstərə bilər. Bu baxımdan uşaqların ekran qarşısında keçirdiyi vaxtın düzgün tənzimlənməsi və valideyn nəzarətinin təmin olunması mühüm məsələlərdən birinə çevrilib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirib ki, telefon istifadəsi uşaqlar, yeniyetmələr və böyüklər arasında asılılıq baxımından ciddi nəzarət tələb edən məsələlərdən biridir.
“Telefon hazırda demək olar ki, asılılıqlar psixologiyasında ən öndə duran məsələlərdən biridir. Nə qədər ki, uşaqlar, yeniyetmələr və böyüklər arasında asılılıq problemi var, telefon da bu problemin bir hissəsi olaraq onların həyatındadır. Təəssüf ki, telefon həm uşaqlarda, həm böyüklərdə asılılıq yaratdığına görə, bu məsələ uşaq vaxtından ciddi şəkildə nəzarətdə olmalıdır".
Ekspert bildirib ki, məzmun çox önəmlidir, amma uşağın telefonda nə qədər vaxt keçirməsi də önəmlidir. Çünki vaxt keçirdikcə başqa məzmunlu həm oyunlara, həm də informasiyalara girə bilir.
Vüsalə Əmiraslanovanın sözlərinə görə, vaxtı tənzimləyən valideyndir və vacib məzmununu, uşağın lazımlı məsələlərlə məşğul olmasını tənzimləməyi bacarmalıdır. Məsələn, uşağın dərsinə görə lazımdırsa, ona yenə nəzarət etməlidir və o nəzarət daxilində də bu vaxtı keçirtməyi öyrətməlidir. Uşağın telefon vaxtını azaltmaq üçün valideyn ilk olaraq öndən, yəni ilk telefon verildiyi vaxtdan qayda-qanunlar qoymalı və onlara riayət eləməlidir. Həm özü, həm də uşağına bunu öyrətməlidir.
Ekspert qeyd edir ki, əgər qayda-qanuna riayət eləmirsə, sonrakı mərhələlərdə uşaqdan telefonu almaq onda aqressivlik yaradır, əsəb yaradır və uşaq artıq tabe olmur və çox böyük problemlərə səbəb ola bilir.
Arzum Ağazadə