Üzərində "Kalaşnikov" gəzdirənlər saxlanıldı
Abşeron rayonu ərazisində ayrı-ayrılıqda bir neçə nəfər üzərində odlu silahla saxlanılıb.
Qobu Polis Bölməsinin əməkdaşları əvvəllər məhkum olunmuş Ramil Hüseynovu Hökməli qəsəbəsi ərazisində saxlayıblar. Onun üzərindən bir ədəd “Kalaşnikov” markalı avtomat, bir ədəd daraq və altı ədəd patron aşkar edilib. Mehdiabad ərazisində də üzərində Kalaşnikov gəzdirən şəxs saxlanılıb. Həmin şəxsin əvvəllər məhkum olunmuş Fərman Muradov olduğu müəyyən edilib. Ondan avtomatla yanaşı bir ədəd patron darağı və yeddi ədəd patron aşkar edilib. Saray qəsəbəsində Absət Abdullayev, Novxanıda Balabəy Ağadadaşov adlı şəxslər saxlanılıb. Onlardan Bir ədəd “TT” markalı tapança, səkkiz ədəd patron və bir kiloqramdan artıq heroin aşkar edilib. Abşeron Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində saxlanılan əvvəllər dəfələrlə məhkum olunmuş Şahmar Sadiqovdan bir ədəd “Kalaşnikov” avtomatı, bir ədəd daraq və doqquz ədəd patron aşkar edilib. Digər əməliyyat zamanı Abşeron rayonunda silsilə oğurluqlar və müxtəlif növ cinayət törətdiklərinə görə axtarışda olan doqquz, “isti izlərlə” cinayətin açılması üzrə 30, narkotiklə əlaqəli cinayətlərə görə doqquz nəfər saxlanılıb.
