Vərəm müalicəsi icbari tibbi sığortaya daxil ediləcək?
Vərəm xəstəliyi və onun müalicəsi yenidən gündəmə gəlib. Xüsusilə dərmanlara davamlı vərəm formalarının müalicəsində yeni preparatlardan istifadə edilməsi məsələnin aktuallığını artırır.
Mövzu ilə bağlı”İnformator.az”a açıqlamasında Həkim professor Adil Qeybulla bildirib ki,Vərəm xəstəliyi, hazırda yeni bir formada təzahür edir və bunlar da iki proqramla müalicə olunur:
“Biri DOTS, digəri isə DOTS Plus proqramıdır.Vərəmin ikinci forması onun rezistent formasıdır, yəni mövcud vərəm dərmanlarına davamlı formasıdır. Bu forma müalicəsi çox çətin tabe olan və yeni dərman preparatları tələb edən bir formadır. Vərəmin əvvəlki ənənəvi dərmanları olan rifamisin, izoniazid, etambutol, pirazinamid kimi dərmanların əvəzinə burada tamamilə yeni qrup preparatlardan istifadə edilir.Ona görə də vərəm məsələsi dünyanın aktual məsələsi olaraq qalır”.
Adil Qeybulla qeyd edib ki,O ki qaldı icbari tibbi sığorta paketinə çevrilməsinə, nəzərə alsaq ki, əksər ölkələrdə humanitar proqramla müalicə olunur, o cümlədən bizdə də həbsxanalarda, müxtəlif internatlarda vərəmin Beynəlxalq Dünya Səhiyyə Təşkilatının köməyi ilə, yəni onun proqramı ilə müalicəsi həyata keçirilib.
Dəfələrlə də bu müştərək məsələ televiziya ekranlarında nümayiş etdirilib. Yəni insanlar bundan xəbərdardır.Bu baxımdan, vərəm hələlik bu proqram çərçivəsində müalicə olunur. Yəqin ki, o da icbari tibbi sığorta paketinə daxil ediləcək və bütün xərcləri əhatə edəcək. Bu, sadəcə, zaman məsələsidir.
Ekspertin sözlərinə görə vərəm məsələsi sosial bir proqram olaraq qalır və aktuallığını itirməyib, əksinə, daha da aktuallıq kəsb edir.
Nurgün Qənizadə