Vahid məktəbli forması tələbi
Yeni tədris ilinin başlamasına iki aydan az vaxt qalıb. Artıq təhsil müəssisələri məktəbli formalarının rəngini də təsdiq edib. Bu formaların satışı da başlayıb. Satış başlasa da, alıcılıq o qədər də çox deyil. Eyni zamanda bəzi təhsil müəssisələri bu il formalarda müəyyən rəng fərqi etdiyi üçün ötən mövsüm forma alan valideynlərdən də yeni forma almaq tələb edilir. Ötən ildən fərqli olaraq bu il vahid məktəbli formaları məcburidir. Əvvəlki tədris ilində bu formalar sadəcə ibtidai siniflər üçün nəzərdə tutulsa da, bu il artıq yuxarı siniflər də məktəbin təyin etdiyi formanı geyinməlidir.
Bakı Tikiş Evi keçənilki problemi yaşamamaq üçün artıq bir müddətdir ki, istehsala başlayıb. "Bakı tikiş evi"nin sədr müavini Elnur Rəhimov deyir ki, gün ərzində 300-400 məktəbli forması tikilir. “Bakı şəhəri üzrə 500 minə qədər şagird var, demək olar ki, tələbatın yarısından çoxunu qarşılayacaq qədər forma istehsal olunub”. Prosesin oktyabra qədər davam edəcəyini deyən Elnur Rəhimovun sözlərinə görə, tədris ilinə qədər 400-450 min ədəd forma istehsalını planlaşdırıb.
Bir problem də var. Bəzi məktəblər bu il başqa rəng məktəbli formasını seçdiyi üçün valideynlər məcbur qalıb bu il yenidən forma almalıdılar. Təhsil Nazirliyi isə deyir ki, vahid məktəbli forması tələbinə hər kəs əməl etməlidir. Valideynlər məktəbin təyin etdiyi formanı almalıdırlar.
Lamiyə
