00:00:00
Yazar
Admin User
06.01.2026 18:51 127 5 dəq oxuma
Sosial

Valideyn telefonda, uşaq təhlükədə

Valideyn telefonda, uşaq təhlükədə

Şəhər küçələrində valideynlər uşaqları ilə yanaşı addımlayır. Ancaq baxışlar çox vaxt uşaqlarda yox, telefonda olur. Valideyn ekrana fokuslandıqca, uşaq da nəzarətsiz qalır. Bu diqqətsizlik isə uşaq üçün səssiz və real təhlükəyə çevrilir. Bir neçə saniyəlik diqqətsizlik böyük risklər yaradır. 

 

Mövzu ilə bağlı “İnformator.az” paytaxt sakinlərinin bu mövzuya dair fikirlərini və bu haqda ekspertlərin rəylərini öyrənib.

 

Şəhərin gənc sakini Aytən Ağazadə şəhərdə bəzi valideynlərin uşaqları ilə maraqlandığını, bəzilərinin isə telefonla məşğul olub, diqqətsiz yanaşdığını müşahidə edib:

 

“Mən küçədə gedərkən bəzən valideynlərin uşaqlara diqqətlə yanaşdığını görürəm. Əlindən tuturlar, yol keçəndə ehtiyatlı olurlar. Amma elə hallar da olur ki, valideynlər öz işləri ilə məşğul olur, uşaqlar isə nəzarətsiz qalır və bu da istər-istəməz insanı narahat edir”.

 

Bir digər şəhər sakini Aysun Haxverdiyeva da mövzuya öz fikrini bildirib:

 

“Məncə, valideyn yolda gedəndə çox telefona baxsa, uşaq birdən yola qaça bilər və qəza baş verər. Valideyn özü də yola baxmadığı üçün yıxıla bilər. Elə olar ki, uşaq da gözdən qaçıb itər”.

 

Psixoloq İlahə Nəbiyevanın fikrincə, bu mövzu olduqca vacib, ancaq dövrümüzdə çox da diqqət çəkməyən problemlərdəndir:

 

“Əslində bu, olduqca vacib mövzulardan biridir, amma indiki dövrdə açıq desək, insanların çox da diqqətini çəkmir. Çünki artıq bu vəziyyət normallaşdırılıb. Bu məsələ həm fiziki, həm də psixoloji baxımdan ciddi problemlər yarada bilər. Məlum olduğu kimi, hərəkətdə olarkən, istər piyada, istərsə də nəqliyyat vasitəsində uşaqla birlikdə olarkən telefona baxmaq diqqəti ciddi şəkildə yayındırır. Ani bir diqqətsizlik belə çox ağır nəticələrə gətirib çıxara bilər. Müasir dövrdə təhlükəli insanlar və riskli şəraitlər də mövcuddur. Uşağın itmə riski, küçə itləri, pilləkənlər, açıq və təhlükəli sahələr kimi amillər var. Valideyn diqqətsiz yanaşdıqda bütün bu ünsürlər uşağın fiziki təhlükəsizliyi üçün real problemə çevrilə bilər. Psixoloji tərəfə gəldikdə isə, valideyn real olaraq hərəkətdə olsa da yol gedərkən, harasa getdiyi zaman diqqəti real məkanda olmur. Fokus virtual məkana yönəlir. İnsan eyni anda həm real, həm də virtual məkanda diqqətini tam şəkildə cəmləyə bilməz. Reallıqdan qopma valideynin ətrafda baş verə biləcək təhlükələri vaxtında dərk etməməsinə səbəb olur. Uşaq valideyni özünə dayaq, güvən mənbəyi kimi görür. Valideynin diqqəti uşaqda olmadığı zaman uşaqda narahatlıq, təşviş və güvənsizlik hissi formalaşır. Bu da valideyn–uşaq bağlanmasına mənfi təsir göstərir və gələcəkdə güvənsiz bağlanma tipinin yaranmasına səbəb ola bilər. Bu cür bağlanma problemləri sonrakı dövrlərdə uşağın digər insanlarla münasibətində, sosiallaşmasında özünü göstərir. Davamlı olaraq bu situasiyaya məruz qalan uşaqlarda diqqət çəkmə davranışları müşahidə olunur. Bu isə çox zaman mənfi diqqət çəkmə formasında özünü göstərir. Uşaq valideynini bir neçə dəfə çağırır, cavab almadıqda isə diqqəti cəlb etmək üçün daha fərqli və qeyri-adi davranışlar nümayiş etdirir. Zamanla bu davranışları normallaşdırır və düşünür ki, diqqət bu yolla cəlb olunur. Gələcəkdə digər insanların da diqqətini eyni üsulla çəkə biləcəyini düşünür”.

 

Psixoloq onu da qeyd edib ki, yol getmə prosesi uşaqlar üçün təbii öyrənmə mühitidir:

 

“Uşaq yolda ağacları, heyvanları, təbiəti müşahidə edir, suallar verir: “Bu pişik hara gedir?”, “Bu hansı ağacdır?”, “Buludlar niyə belədir?” və s. Daha böyük yaşlarda isə daha dərin, mənalı suallar yarana bilər. Bu, uşağın təbii öyrənmə prosesinin əsas hissəsidir. Əvvəlki dövrlərdə uşaqlar daha çox çöldə, təbiətin içində olurdu. Bu da onların psixoloji sağlamlığına müsbət təsir göstərirdi. İndiki uşaqlar isə təbiətdən qopub və bu qopuqluq bir çox psixoloji narahatlıqların əsas səbəblərindən biridir. Valideynin diqqəti uşaqda olmadıqda, uşağın verdiyi suallar cavabsız qalır və ya gecikdirilir. Bu da uşağın real öyrənmə mühitindən kənarlaşmasına səbəb olur. Eyni zamanda, ünsiyyət artıq birtərəfli hala gəlir. Bir müddət sonra uşaq ünsiyyət qurmaqdan yorulur və susur. Bu vəziyyət onun üçün də normallaşır. Uşaq valideyni rol model kimi gördüyü üçün, valideynin yol gedərkən telefona baxmasını doğru davranış kimi qəbul edir. “Anam belə edirsə, deməli normaldır” düşüncəsi formalaşır. Bu da uşağın təhlükə anlayışının zəifləməsinə gətirib çıxarır. İlk baxışda sadə görünən bu məsələ bir çox psixoloji problemin başlanğıc nöqtəsidir. Bu problem evdə də özünü göstərir. Ümumiyyətlə, insanların real aləmdən qoparaq virtual aləmdə yaşaması bir çox psixoloji problemlərin başlanğıcıdır”.

 

Psixoloq Nabat Mirzəyevanın fikrincə, valideynin küçədə telefona fokuslanması uşağın psixoloji və fiziki təhlükəsizliyinə birbaşa təsir göstərir:

 

“Fiziki olaraq təhlükəsizlik belə pozulur ki, uşaqlar yol gedərkən artıq risklərin- avtobusun, yolun, piyada keçidlərinin, yol hərəkəti qaydalarının fərqinə varmırlar. Nəyə ehtiyat etməli olduqlarını anlaya bilmirlər. Çünki valideyn küçədə telefona fokuslanırsa, uşaq yolda baş verənlərdən xəbərdar olmadan hərəkət edir. Burada uşaq təhlükəni valideynin dəstəyi ilə yox, təkbaşına idarə etməyə çalışmış olur. Psixoloji baxımdan isə uşaq özünü dəyərsiz hiss edə bilər. “Valideynim telefona fokuslanır, mənimlə maraqlanmır” düşüncəsi formalaşır. Uşaq danışır, amma eşidilmir, dinlənilmir və onunla zaman keçirilmədiyini hiss edir. Bu da emosional olaraq uşağın özünü dəyərsiz, güvənsiz hiss etməsinə, sevilmədiyini düşünməsinə səbəb ola bilər. Valideynin uşağa göstərdiyi diqqət sevginin diqqətidir, emosional bağlılığın diqqətidir, özgüvənin və dəyərin diqqətidir. Valideyn diqqəti uşağın həm indiki ehtiyaclarının, həm də gələcəkdəki emosional və psixoloji tələbatlarının qarşılanmasında çox mühüm rol oynayır. Bir növ, uşaq valideynin gözü ilə dünyaya baxır. Dünya təhlükəsiz yerdir, yoxsa təhlükəli? Duyğusal olaraq dəyərli bir yerdir, yoxsa dəyərsiz? Uşaq bu obrazı valideynin münasibətinə əsasən formalaşdırır”.

 

Ekspert valideynlərə yolda gedərkən vacib olmadığı zamanlar telefona çox baxılmamasını tövsiyyə edir:

 

“Yolda olarkən telefonun səsiz rejimə alınması, çox vacib olmadığı müddətcə telefona nəzər yetirməmək tövsiyə olunur. Uşağımızla zaman keçirməliyik, yol qaydalarını, cəmiyyət içində olan situasiyaları onunla ünsiyyət quraraq izah etməliyik. Getdiyimiz yerlərdə binaların forması haqqında danışmaq, bir yolun digər yoldan fərqini anlatmaq, keçdiyimiz yollarda yol hərəkəti qaydalarını izah etmək lazımdır. Eyni zamanda ağaclar, təbiət, ətraf mühit, niyə yolu çirkləndirməməli olduğumuz, gündəlik həyatımızın necə keçdiyi barədə uşaqlarla söhbət etməliyik. Telefon bəzən vacib olaraq ələ alına bilər, amma vaxtın yüzdə səksən beşini, doxsanını küçədə övladımızla keçirməliyik. Uşağın əlimizi tutmalı və onu buraxmamalı olduğunu mütləq vurğulamalıyıq. Çünki uşaq yolda özünü dəyərli hiss etdiyi bir anda başını qaldırıb valideynini telefonla məşğul görərsə, bu, onda çox ciddi dəyərsizlik hissi yarada bilər”.

 

Lalə Qurbanlı

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər