00:00:00
Yazar
Admin User
07.11.2023 18:08 376 2 dəq oxuma
Sosial

Valideynlər övladlarının ixtisas seçiminə qarışmamalıdır

Valideynlər övladlarının ixtisas seçiminə qarışmamalıdır

İmtahana hazırlaşan abituriyentin psixologiyası da müəyyən dərəcədə fərqlənir. İmtahan həyəcanı, toplanılan bal, ixtisas seçimi kimi məsələlər abituriyentin psixologiyasına təsir edir. Bu təsiredici amillərdən biri də valideynlərin düşüncəsidir. Anlayışlı valideynlərlə yanaşı, abituriyent yüksək bal toplamadığı zaman ona təzyiq göstərən, ixtisas seçimi zamanı övladlarını istəmədikləri ixtisası seçməyə məcbur edən valideynlər də var. Bəs, abituriyenti istəmədiyi ixtisası seçməyə məcbur etməyin nəticələri nələr ola bilər?

 

Psixoloq Gülnar Orucova sözügedən məsələ ilə bağlı İnformator.az-a açıqlama verərək, valideynlərə müəyyən məsləhətlər edib.

 

"Son dövrlərdə görürük ki, valideynlər abituriyenlərin ixtisas seçiminə qarışırlar, öz istədikləri ixtisası seçməsini istəyirlər. Valideyn öz zamanı üçün bir ixtisası uyğun görə bilər, ancaq illər öncəki və indiki vəziyyət eyni deyil".

 

Psixoloq deyir ki, valideyn diqqətli olmalıdır ki, bu seçim haqqı övladındır. Övladının bacarığını və özünü hansı sahədə görmək istədiyini nəzərə almalıdır.

 

"İxtisas seçiminə valideynlər qarışmamalıdır. Bəzən valideyn övladını özünün ola bilmədiyi şəxsiyyət kimi formalaşdırmaq istəyir. Abituriyent istədiyi ixtisası seçmirsə, deməli, gələcəkdə özünü həmin sahədə görmədiyi üçün seçmək istəmir. Əgər işləmək istəsə belə, o sahədə uğurlu olmur və valideynə qarşı kini, nifrəti qalır. Çünki onlar övladlarının olmaq istədiyi şəxsiyyət olmasına icazə vermirlər. İxtisas seçimi düzgün olmadığı zaman gələcəkdə iş tapmaq da çətinləşir. Çünki bir insan özünü həmin sahədə görmürsə, onun gələcək həyatı, uğuru, bacarığı da sual altında olur. Karyera qurma ehtimalı isə digər insanlara nisbətən daha az olur".

 

Gülnar Orucova sonda valideynlərə məsləhət edir ki, ixtisas seçimi zamanı övladlarına qarışmasınlar.

 

"Bəzən abituriyent özü də ixtisas seçimi zamanı "balım hara çatırsa, ora daxil olum" düşüncəsi ilə səhv edir. Ancaq bu yanlışdır. İnsan elə bir sahədə təhsil almalıdır ki, özünü bu sahədə görsün, sahəsini sevsin, "mən bu sahədə yaradıram, insanlara, ölkəmə faydalıyam" düşüncəsi olmalıdır. Ancaq “Universitetə qəbul olum, valideynim razı qalsın" düşüncəsi ilə ixtisas seçmək olmaz".

 

Nəzrin Mirzəyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər