Valideynlər seçim qarşısında - orta məktəb, yoxsa lisey?
Yeni tədris ilinin başlanmasına bir aydan az vaxt qalıb. Valideyinlər isə seçimlərini və hədəflərini müəyyən etməyə başlayıblar. Seçim edilərkən ən böyük dilemma məktəb və ya lisey arasında yaşanır.
Seçim çox, fikirlər isə müxtəlifdir. Söhbət məktəb və liseylərdən gedir. Valideynləri düşündürən əsas sual övladının orta təhsilini litseydə, yoxsa adi məktəbdə almasıdır.
Valideyn Vüsalə Hüseynli deyir ki, övladını dövlət nəzdindəki br liseyə yazdırıb: “Bir məktəbdə güclü müəllimlər də olur, zəyif müəllimlər də. Və bəzən elə olur ki biz sinif müəllimlərini seçə bilmirk. Bu, məktəb tərəfindən təyin olunur”.
Həm liseydə, həm də orta məktəbdə təhsil almış Səid Nəsirli deyir ki, liseylər təmaüllü olduğuna görə peşəkar pedoqoji heyət olur daha ixtisaslaşmış olur. Bu cür təhsil ocaqlarında təhsil almaq daha əlverişlidir.
Lisey təhsili alan Ağca Ələsgərli də hesab edir ki, orta məktəblərin əksinə liseylərdə təhsil daha keyfiyyətlidir.
Bəzi valideynlər isə ən yaxşı məktəb evə ən yaxın olandır deyə düşünür.
Nəzərə çatdıraq ki, dövlət vətəndaşlara qeyri-şərtsiz təhsil hüququ tanıdığından ümumi təhsil müəssisələrinə qəbul imtahansız, eləcə də ödənişsiz aparılır. Liseylərdə isə bunun tam əksidir. Şagirdlər əvvəlcə mərkəzləşdirilmiş qəbul imtahanında iştirak edir, sonra isə topladıqları bala müvafiq olaraq təhsil almaq istədikləri liseyin seçimini aparırlar. Yeri gəlmişkən, İmtahan zamanı şagirdlərə əsasən tədris dili və riyaziyyat fənləri üzrə biliklərinin yoxlanılması üçün tapşırıqlar təqdim edilir.
Təhsil eksperti Abdulla Abdullayev lisey təhsili ilə bağlı mövqeyini bu şəkildə bildirib: “Liseylərdə şagirdlər imtahanla seçildiyi üçün orada nə qədər çox şagirdseçimə cəlb olunarsa, qiymət tempi də buna görə dəyişir. Liseylərdə də rəqabət olduğu üçün uşaqlar ora imtahanla, seçimlə qəbul edilir. Ən çox da valideyinlərimizi maraqlandıran odur ki, liseylərdə rəqabət mühitidir. Rəqabət olan mühitdə inkişaf daha sürətlə gedir”.
Maraqlıdır ki, liseylərə qəbul prosesinin çətin olmasına, tədris yükünün ağırlığına baxmayaraq, şagirdlər əlavə repetitordan dərs alırlar. Ekspertlər bunun səbəbini dərs saatının azlığı ilə əlaqələndirilər.
Təhsil eksperti Elçin Murad bunun səbəbini təhsil müddətinin azlığında görür. Valideyin istəyir ki, şagird məktəbdən evə gələn zaman boşluqda qalmasın. Dərsin üstündə işləməyə davam etsin. Bunun üçün də əlavə repetitora ehtiyac duyulur. Amma istər orta məktəblər, istər liseylər dərs keyfiyyətini daha da artıra bilər və əlavə repetitor yanına getməyə ehtiyac qalmaz”.
Onu da xatırladaq ki, ötən il liseyə 16 min 952 şagird sənəd versə də onlardan 2 min 638 nəfəri qəbul olub. Rəqəmlərin təhlili göstərir ki, bu il liseydə təhsil almaq həvəsində olanların sayı çoxluq təşkil edib. Belə ki, 2023/24-cü tədris ili üçün imtahanlara 22 min 709 nəfər qatılıb. Cəmi 3 min 946 nəfər liseydə təhsil almaq şansı qazanıb.
Aysu
