Valideynlər uşaqlarını xəstə halda məktəblərə, bağçalara buraxmamalıdır
Son günlərdə uşaqlar və gənclər arasında qrip və virusun çox yayılmasını müşayiət edirik.
Həkim-infeksionist Mərdan Əliyev informator.az-a açıqlamasında bildirib ki, xəstəliklərin meydana çıxması payız mövsümünün başlanması ilə əlaqədardır.
“Havaların soyuması, günəşin aktivliyinin azalması, insanların evə çəkilməsi, evlərdə havalandırmanın az olması da xəstəliklərə səbəb olur. Payız fəsli ilə əlaqədar insan orqanizmində immun sistemində müəyyən dəyişikliklər bu xəstəliklərə həssaslığı artırır”.
Həkim deyir ki, məktəblərin, bağçaların açılması ilə əlaqədar uşaqlar arasında bu xəstəliklər daha sürətlə yayılır.
“Kəskin respirator xəstəliklər, ağciyər xəstəlikləri hava-damcı yolu ilə yoluxur. Uşaqlar bağçalarda, məktəblərdə bir neçə nəfər bir yerdə olursa, az zaman ərzində birində olan xəstəlik digərlərinə də keçir. Əsas səbəb də elə budur”.
Bəs bunun qarşısını necə ala bilərik?
Mərdan Əliyevin sözlərinə görə, valideynlər uşaqlarını xəstə halda məktəblərə, bağçalara buraxmamalıdır.
“Bu həm digərlərinin yoluxmasının qarşısını alacaq, həm də uşağın sağalmasını sürətləndirəcək. Və müəssisələrdə müəyyən müəllimlər, tərbiyəçilər tərəfindən uşaqlara nəzarət olunmalıdır. Xəstə uşaqları sağlamlarla təmasda etməmək lazımdır”.
Aynur Babayeva
