VALİDEYNLƏRƏ XƏBƏRDARLIQ: DİQQƏTLİ OLUN!
Övladına basqı edən, sevmədiyi ixtisası, sırf o istəyir deyə oxumasını tələb edən valideynlər nəticədə abituriyentdə tükənmişlik sindromu yaradır. Bu da müəyyən səhvlərə yolverilməsinə gətirib çıxarır. Psixoloq Fərqanə Mehmanqızı deyir ki, valideynlərin öz təcrübələrinə əsaslanaraq gəncləri yönəltməyə çalışması qarşılıqlı anlaşmayla aşılanmalıdır. “Peşəyə hazırlıq 13-14 yaşından başlayır. Və bu başlanğıc sürəcdə valideyn övladını tanımalıdır və o yöndə onu korreksiya etməlidir. Bu korreksiya 2-3 il müddətində düzgün gedəndə axırda kodlaşdırmada problem olmur. Çünki valideynlə uşaq artıq bir-birlərini başa düşürlər, bir-birlərini anlayırlar və ortaq məxrəcə də gəlirlər. Əgər valideyn uşağın sadəcə ödənişini ödəyir, kurslara göndərirsə və kodlaşdırmada ayılırsa və uşağa deyirsə, sən bunu etməlisən, burada artıq deməli, valideynlə uşaq arasında qopmalar var”.
Təhsil eksperti Cahid İsmayıl isə deyir ki, ixtisas seçimi zamanı hər il onlarla abituryent yüksək bal toplasa da, istədiyi ixtisasa yiyələnə bilmir, keçid balını yığıb, qəbuldan kənarda qalır. “Son 2 ildə formalaşmış ayrı-ayrı ixtisaslar üzrə keçid ballarını müəyyənləşdirməlidirlər, dövlət sifarişli yerlər müəyyənləşməlidir. Eyni zamanda hər bir ixtisas üzrə plan yerlərinin artımı, yoxsa azalmasına fikir verməlidirlər. Qruplar üzrə statistika jurnalına görə, öz bal intervalına əsasına yerlərini müəyyənləşdirməli və bunu həm də yeni yaranmış plan yerləri və keçən ilki statistika ilə uyğunlaşdırıb təxmini mövqelərini, yerlərini uyğunlaşdırmağı bacarmalıdırlar”.
Ekspert valideynləri ehtiyatlı olmağa çağırır. Onun sözlərinə görə, özərini ekspert kimi göstərib, abturyentləri səhv istiqamətə yönəldən işbazlar ödəniş alsa da, valideyn və abituriyentlərin məlumatsızlığından istifadə edərək kortəbii kodlaşdırma həyata keçirir. Sonda abituriyent ya qəbuldan tam kənarda qalır, ya da arzulamadığı ixtisasa düşür. “Burada həm abituriyentin, həm valideynin müşahidə qabiliyyəti çox güclü olmalıdır. Düzgün seçim edən mütəxəssis və ya valideyn, əslində 6 jurnaldan istifadə etməlidir”.
Qeyd edək ki, bu il ali təhsil bakalavriat səviyyəsinə ümumilikdə 79 min 746 abituriyent qeydiyyatdan keçib. Bunlardan 72 min 90 nəfər azərbaycan bölməsi, 7 min 656 nəfər isə rus bölməsi üçün sənəd verib. İxtisas seçimi avqustun 28-dək davam edəcək.
VÜSALƏ
