Valideynlərinin ayrılması uşağa necə təsir edir?
"Elə ailələr var ki, orada ata-ananın birlikdə yaşaması uşağın psixologiyasına daha da ziyan vurur. Buna görə də bəzi ayrılıqlar düşünürəm ki, şərtdir”.
Bu fikirləri informator.az-a açıqlamasında Klinik Psixoloq Mədinə Rəsulzadə söyləyib. Psixoloq deyir ki, valideynlər şəxsiyyətini formalaşdırmadan özünü toparlaya bilməz.
“Valideynlərlərdən hər ikisi, və ya tərəflərdən biri tam yetişmədən, şəxsiyyət olmadan, öz kimliyini kəşf etmədən ailə qurduğuna görə, çətinlik yaşadıqları zaman özlərini toparlaya bilmirlər.Toparlaya bilmədiklərində isə bunu uşağa yansıdırlarsa, bu ailənin ayrılması daha məsləhətlidir, nəinki birlikdə yaşaması”.
Mədinə Rəsulzadə qeyd edir ki, problemli ailələrin ayrılması daha məsləhətlidir.
“Amma bu ayrılıq birdən qopma şəklində olarsa, uşağda travma yaradar. Deyək ki, valideynlərin ayrılıqda uşaqla münasibətləri yaxşıdır, amma bir-biri ilə münasibəti yaxşı deyilsə, bu hal uşağa pis təsir edir. Belə olduğu halda ata və ana ilə uşağın birdən-birə qopması. uşağın bunun təsirində, travmasında qalmasına səbəb ola bilər”.
Müsahib əlavə edir ki, ayrılıq normal şəkildə olanda, yəni boşanmağa qərar verən valideynlər yavaş-yavaş uzaqlaşanda, uşağı travmadan qoruya bilərlər.
“Çünki münasibətdə sevgi olubsa, uşaq bu sevginin birdən-birə yox olmasından pis təsirlənəcək. Ayrılıq olandan sonra da valideynlər uşaqla yenə də vaxt keçirməlidir və bu qopma yavaş-yavaş olmalıdır. Uşağa bu qopmanı, atan ilə anan ayrılır, bir-birlərini sevmir, səni sevmir deyə evdən çıxır, ayrılır kimi deyil də, atan bir az uzaqda qalacaq, bu evdə qalmayacaq başqa evdə yaşayacaq kimi yumşaq ifadələrlə humanist şəkildə izah etmək lazımdır. İlk ayrılıq müddətində uşaq valideynlə tez-tez görüşməlidir. Çünki uşaq hər gün gördüyü atanı ya da ananı (nəzərə alsaq ki, uşaq anada qalır istisna hallarda atada qalır) ayrılıqdan sonra görmürsə, ona yaxşı təsir etməyəcək. Uşaq müəyyən qədər böyüdükdən sonra yəni 6 yaşdan sonrakı yaşlarda uşağa izah etmək lazımdır ki, bizim xarakter və xüsusiyyətlərimiz üst-üstə düşmədiyi üçün, bir-birimizi xoşbəxt edə bilmədiyimiz üçün ayrıldıq. Biz səni sevirik, sevgimiz sənə dəyişmir”.
Psixoloq sonda deyir ki, hər yaşa uyğun davranış tərzi olmalıdır.
“Uşağın yaşından asılı olaraq bu vəziyyəti ifadə etmək tərzi də dəyişir hər yaşın öz psixologiyasi olduğu üçün hər yaşa uyğun cümlələr deyilməlidir ki, həmin cümlələr uşaqda travma yaratmasın”.
Aydan İsayeva
