“Vaşinqtonda Rusiya və Türkiyənin TRIPP layihəsində iştirakı müzakirə edilməyib”
Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Rusiya və Türkiyənin “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRAMP) layihəsində iştirakı Vaşinqtonda aparılan müzakirələrin mövzusu olmayıb. Onun sözlərinə görə, TRIPP Ermənistan-ABŞ birgə biznes layihəsidir, lakin regionda kommunikasiyalar açılarsa, Türkiyənin logistik baxımdan prosesə dolayısı ilə cəlb olunması qaçılmaz görünür.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi, KAFKASSAM sədri Hasan Oktay bildirib ki, Bakıda Azərbaycan-Türkiyə görüşmələri İrandakı hadisələr fonunda keçirilir:
“Bu proseslər 14 yanvar 2026-cı il etibarilə bölgədə diplomatik tıxacın nə qədər intensivləşdiyini göstərir. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın bəhs etdiyi TRIPP (International Trump Route for Peace and Prosperity) layihəsi Qafqazın geosiyasi xəritəsini yenidən formalaşdırmaq potensialına malik təşəbbüs kimi ön plana çıxır. TRIPP (Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) Ermənistan-ABŞ münasibətlərində təkcə iqtisadi əməkdaşlıq deyil, Ermənistanın strateji ox dəyişikliyi cəhdidir. TRIPP marşrutu ətrafında ciddi etirazların mövcud olduğu bir şəraitdə Azərbaycan-Türkiyə-Ermənistan üçtərəfli sülh sazişinin aktuallığı daha aydın şəkildə ortaya çıxır. Layihə Ermənistan iqtisadiyyatını Rusiyanın dominantlıq etdiyi Avrasiya İqtisadi İttifaqından daha çox Qərb maliyyəsi və logistikası vasitəsilə qlobal bazarlara bağlamağı hədəfləyir. Mirzoyanın “Rusiyanın iştirakı müzakirə olunmadı” fikri Vaşinqton və İrəvanın bölgədə nəqliyyat xətləri üzərində Rusiyanın nəzarətini, xüsusilə 10 noyabr bəyanatının 9-cu maddəsi kontekstində, kənarda saxlamaq niyyətini əks etdirir. Tramp administrasiyasının bu marşrut vasitəsilə bölgəyə birbaşa investisiya cəlb etmək istəyi ABŞ-nin Cənubi Qafqazda təkcə müşahidəçi deyil, eyni zamanda “infrastruktur zəmanətçisi” rolunu üzərinə götürmək niyyətində olduğunu göstərir.
Türkiyənin layihədə birbaşa masa arxasında yer almasa da, logistik baxımdan prosesə cəlb olunması bölgədə güc balansını köklü şəkildə dəyişə bilər. Ermənistanın dünyaya açılması üçün qərb sərhədində yerləşən Türkiyə ən rasional və iqtisadi çıxış yoludur və bu vəziyyət İrəvan üçün Türkiyə ilə münasibətlərin normallaşdırılmasını seçimdən daha çox zərurətə çevirir. Türkiyənin prosesə dolayı iştirakı belə Ankaranın Qafqazdakı nəqliyyat dəhlizlərinin, xüsusilə Zəngəzur və TRIPP marşrutlarının mərkəzindəki oyunqurucu rolunu möhkəmləndirir. Əgər TRIPP marşrutu Türkiyə üzərindən keçərsə, bu, Azərbaycanla Ermənistan arasında sülh prosesini sürətləndirə bilər, çünki iqtisadi maraqlar tədricən münaqişə risklərini arxa plana keçirəcək. Üçtərəfli sülh sazişi olmadan bu yolun açılması mümkün deyil. İranla bağlı vəziyyət və Türküstan-Türkiyə avtomobil yolunun təhlükə altına düşməsi səbəbindən bu marşrutun Xəzər-Azərbaycan-Ermənistan xətti üzrə reallaşması üçün təcili şəkildə şərtsiz üçtərəfli sülh sazişi imzalanmalı və prioritet keçid protokolu qəbul edilməlidir.
Gümrü-Qars dəmir yolunun yenidən fəaliyyətə başlaması regional logistika baxımından mühüm nəticələr doğura bilər. Bu xəttin açılması Pekindən Londona qədər uzanan Orta Dəhlizin əlavə bir qolu kimi çıxış edərək Qarsı əsas logistika mərkəzlərindən birinə çevirə bilər. Ermənistan üçün isə otuz ildən artıq davam edən blokada faktiki olaraq aradan qalxar, Türkiyənin Şərqi Anadolu bölgəsi ilə Ermənistanın Şirak vilayəti arasında birbaşa ticarət əlaqələri formalaşar və bu da yerli əhalinin rifah səviyyəsinə müsbət təsir göstərə bilər. Eyni zamanda, dəmir yolunun işlək vəziyyətə gətirilməsi iki ölkə arasında diplomatik münasibətlərin tam şəkildə normallaşmasının ən real göstəricilərindən biri olar və bu xəttin fəaliyyəti Zəngəzur dəhlizi üzərindəki təzyiqləri azaldaraq bölgədə “qazan-qazan” modelinin formalaşmasına imkan yaradar. KAFKASSAM-ın təhlillərində də vurğulandığı kimi, bu cür layihələr Rusiyanın və İranın bölgədəki ənənəvi “hakim” rolunu zəiflədə bilər və İrana mümkün əməliyyat və ya davam edən xaos şəraitində üçtərəfli sülhün zəruriliyini daha da ön plana çıxarar “.
Reyhan Quliyeva
