Velokuryer: Bakıda velosipedlər üçün eko sistemlər nəzərdə tutulmayıb
Velokuryer Tofiq Hidayətzadə peşənin sirlərini, çətinliklərini, xüsusiyyəltərini İnformator.az oxucuları ilə bölüşüb.
Velokuryer olmaq bir həyat tərzidir. Bəzən bu iş çox ekstremal və riskli bi peşəyə çevrilə bilir. Xüsusən də Bakı kimi şəhərdə. hHeç bir eko sistem bu sahəni dəstəkləmədiyi üçün bəzən yollarda sağ qalmaq üçün mübarizə aparırıq. Əgər bu işi sevən yoxdursa, və yaxud həyat tərzi bu işə uyğun deyilsə, həmin şəxs bu sahə üzrə fəaliyyətini davam etdirə bilmir. Əsas səbəblərdən biri də tez-tez qəzaya uğramaları, yorulub həvəsdən düşə bilirlər.
Bizim iş günümüz ofisdən başlayır. Biz həftə içi müəyyən bir qrafiklə çalışdığımız üçün səhər tezdən ofisə gəlirik. Həftənin 5 günü fəaliyyət göstəririk. Elə adamlar var ki, velosipedlərini ofisdə saxlayırlar, yaxud da özləri ilə gətirirlər. Ofisə gələrək həm velosipedlərini, həm də koordinatorların yönləndirməsi ilə sifarişlərini götürürlər.
Əslində, bu sahə çox maraqlıdır. Ona görə ki ölkəmizdə yeni inkişaf etməkdə olan bir sahədir. Hətta bəzən insanlar nə üçün bu sahəni seçdiyimizə dair bir çox suallar da verirlər. Velokuryerlər piyada kuryerlərindən daha sürətli işləyirlər. Velokuryerlər digər kuryerlərlə müqayisədə tıxaclardan daha asanlıqla keçərək ünvana çata bilirlər. Biz korporativ fəaliyyət göstərdiyimiz üçün müştəri məmnuniyyət məsələləri daha çox şirkət tərəfindən qarşılanır.
Əsasən, çətinliklər müştərilər tərəfindən olur. Məsələn, mənim üzərimdə 5 ədəd sifariş var. İkinci sifarişi təhvil verməli olduğum hal müştəriyə zəng çatmır. Bəzən müştərilər yaşayış ünvanlarını verməkdən çəkinirlər və bizlərə yaxın yerlərə sifarişlərini çatdırmağı söyləyirlər. Nəticədə, müştərinin gecikməsi növbəti sifariş nöqtəsinə vaxtında çatmağımıza problem yaradır. Belə olduğu halda, bizi məsuliyyətsizlikdə ittiham edirlər.
Bəzən müştərilərin gözündə kuryer haqqında səhv anlayış formalaşır. Onlar düşünürlər ki, kuryer onları gözləmək məcburiyyətindədir. Hətta bizdə müştərilər kuryerlərə çaypulu vermək istəmirlər. Halbuki belə bir sistem xarici ölkələrdə də mövcuddur. Düzdür, şirkət tərəfindən bir çox ehtiyaclarımız qarşılanır. Ancaq istəyərdim ki, ölkəmizdə də insanlar tərəfindən kuryerlərə olan diqqət artırılsın.
Velokuryerlərin yolda çətinlikləri daha çox olur. Çətinliyin əsas səbəblərindən biri də Bakı Nəqliyyat Agentliyi tərəfindən velosipedlər üçün eko sistemlər yaradılmamasıdır. Hətta insanlar tərəfindən də yolda bir çox iradlara məruz qalırıq. Bu iradlar ondan ibarətdir ki, bura velosiped yolu deyil və yaxud da onların hərəkətinə mane oluruq. Əgər velosipedçilər üçün xüsusi yollar yaradılsa idi, həm minimum çətinliklərlə qarşılaşardıq, həm də sifarişlərimizi daha tez çatdırardıq.
Fatimə Mustafayeva
